XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Oktyabr 2016 - 13:56

Taleh Bağırzadə və Fuad Qəhrəmanlının məhkəməsi:şahidlər ifadə verib

taleh narda

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Ramil Ələkbərov zərərçəkmiş və şahid qismində ifadə verib. (APA)

Bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu Rayon Polis İdarəsinin qarşısında toplaşaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Hadisə zamanı polis əməkdaşlarına daş atılıb və polislərdən bir nəfər xəsarət alıb, R.Ələkbərovun qalxanı sınıb, qandalı isə itib.

Vəkillərin sualların cavablandıran şahid təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını, itmiş əşyaya görə raportla idarə rəisinə müraciət etdiyini, hər hansı tələbinin olmadığını deyib.

Həmin hadisələr zamanı saxlanılan və hazırda həbsdə olan Anar Əliyev şahid qismində ifadə verib. O, bildirib ki, həmin gün asayişi pozmayıblar, heç kimə daş atmayıblar, Elçin Qasımovun nəyə görə həbs olunduğunu öyrənmək üçün idarəyə gediblər. O, saxlanılan zaman fiziki təzyiqə məruz qaldığını deyib.

Daha sonra Sabunçu RPİ-nin əməkdaşı Yaqub Abbaslı şahid və zərərçəkmiş kimi ifadə verib. O, 5 noyabrda baş verən hadisə zamanı xəsarət aldığını, dəbilqəsinin və dəyənəyinin itdiyini, təqsirləndirilən şəxsləri tanımadığını, hər hansı tələbinin olmadığını deyib.

Proses günün ikinci yarısında davam edəcək.