XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 17:36

Elmar Məmmədyarov İsveçrəli həmkarı ilə saziş imzaladı –Vizasız gediş-gəlişlə bağlı

elmar-isvecre

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşüb.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Nazirlər iki ölkə arasında fəal siyasi dialoqun mövcudluğunu təqdir edərək, bu səfərin ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıblar.

Tərəflər ikitərəfli siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün ölkələrimizin geniş potensiala malik olduğunu nəzərə çatdırdılar. Bu xüsusda, İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə İsveçrədə uğurlu fəaliyyəti qeyd olunub.

Görüş əsnasında İsveçrə şirkətlərinin Azərbaycanda həyata keçirilən nəqliyyat, xüsusilə dəmir yol layihələrində iştirak etməkdə maraqlı olduğu bildirilib:

"Tərəflər peşə təhsili və təlim sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq və İsveçrənin bu sahədə təkmil sistemə malik olduğunu qeyd edərək, peşə təhsili üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini bildirdilər. Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı şəkildə beynəlxalq qurumlara olan namizədliklərin dəstəklənməsinə dair fikir mübadiləsi aparıldı". 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə ediblər. 

Görüşdən sonra nazir Elmar Məmmədyarov və federal müşavir Didye Burkhalter “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişləri imzalayıblar.

Sazişlər ratifikasiya edildikdən sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza rəsmiləşdirilməsi asanlaşacaqdır.