XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Oktyabr 2016 - 11:18

“İnsanovu azad etməsələr, belə fikirlər formalaşacaq ki…” –Hüquq müdafiəçisi

insan

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun 11 illik həbs cəzasının başa çatmasına 9 gün qaldı. Barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə əlavə ittihamlar elan olunan sabiq nazirin əsas cəzasının başa çatmasından sonra azadlığa çıxıb-çıxmayacağı ilə bağlı yaranan müəmmalar davam edir. 

Hazırda irəli sürülən yeni cinayət maddələri ilə bağlı Bakı İstintaq Təcridxanasında saxlanılan İnsanov ətrafında müxtəlif iddialar var.

Ehtimal olunur ki, 11 illik cəzası başa çatandan dərhal sonra sabiq nazir yenidən məhkəmə önünə çıxarılacaq. Yəni barəsində 3 maddə ilə məhkəmə prosesi başlayacaq. Bu proseslərdən sonra onun ya “ev dustaqlığı”na buraxılacağı, ya da şərti cəza alacağı deyilir. Bundan əlavə, üç maddə üzrə toplanmaqla nəzərdə tutulan 10 il 6 aylıq cəzadan qat-qat aşağı cəza alması ehtimalı İnsanovda yüksək qiymətləndirilir. 

Qeyd edək ki, sabiq dövlət məmuru barəsində irəli sürülən üç maddə ilə nəzərdə tutulan istintaq müddəti oktyabrın 23-nə qədər nəzərdə tutulub. Müddət başa çatandan sonra uzadılacağı ehtimalları yüksək görünür. 

Strateq.az xəbər verir ki, İnsanovun vəkili Toğrul Babayev “Yeni Müsavat”a açıqlamasında oktyabrın 20-də əsas cəza müddəti başa çatandan sonra nələrin olacağını indidən deməyin mümkünsüz olduğunu söyləyib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə sabiq nazirin azadlığa buraxılacağına inanmır:

“Əgər oktyabrın 20-də İnsanovu azad etmək fikirləri olsaydı, o zaman barəsində yeni ittihamlar irəli sürülməzdi. Artıq hər kəs bilir ki, bu maddələr onu həbsdə saxlamaq üçündür. Mənə elə gəlir ki, Əli İnsanovu azad etməyəcəklər. Bununla da özləri sübut edəcəklər ki, o, siyasi məhbusdur. Amma ölkədə vəziyyət bu sarıdan dəyişə də bilər.

Məhkəmə prosesində ola bilər ki, ona şərti iş versinlər, yaxud müəyyən instansiya mərhələsində onu azad edə də bilərlər. Bu insanın 70-ə yaxın yaşı var. O qədər də təhlükə törətmir. Amma İnsanovu azad etməsələr, belə fikirlər formalaşacaq ki, hakimiyyət ondan çəkinir. Oktyabrın 20-də onu birmənalı şəkildə azad etməyəcəkləri məlumdur. Cəzası başa çatan kimi, 1-2 məhkəmə prosesi ilə istintaq müddətini uzadacaqlar”.