XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Oktyabr 2016 - 15:05

Sabiq vicdan məhbusu dustaq Əli İnsanovdan yazdı:"Azadlığa çıxarsa, müxalifətə qoşulacaq"

“Həbsdə olduğum müddətin 1 il 3 ayı Əli İnsanovun olduğu 13 saylı həbsxanada keçdi. Bu müddətdə onu nisbətən yaxından tanımaq imkanım oldu. Yetərincə qapalı adamdır və öz siyasi baxışlarını və ya mülahizələrini hələm-hələm bölüşmür. Mühafizəkar həyat tərzinə malikdir və bəzi baxışları çoxumuzun ata-babamızın baxışları kimidir. Ancaq olduqca mehriban və qayğıkeşdir”.

Bu fikirləri sabiq vicdan məhbusu Anar Məmmədli özünün sosial şəbəkədi hesabında eyni cəzaçəkmə müəssisəsində birlikdə qaldığı və tanış olduğu sabiq səhiyyə naziri Əli İnsanovla bağlı fikirlərini bölüşərkən yazıb.

Sabiq vicdan məhbusu qeydlərində bildirir: "O, mənim üçün ölkədə insan hüquqları və demokratikləşmə prosesinə ciddi töhfə verə biləcək ziyalıdır. Ümumiyyətlə, onun mütaliəsi və intelektual səviyyəsini hər zaman heyrətlə xatırlayıram. Çünki 1993-cü ildən bu yana hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan şəxslərin savadı cəmiyyətdə ciddi təəsüf doğurub. Ancaq Əli İnsanovun təbabət və dəqiq elmlər bir yana tarix, ədəbiyyat, musiqi, fəlsəfə və incəsənətlə bağlı məlumatlılığı digərlərindən çox fərqli imiş. Özü demiş, Sovet dönəmində Moskvanın akademik çevrəsinə bağlılığı öz işini görüb və “kitab arsenalı” çox zəngindir".

Sabiq vicdan məhbusu daha sonra yazır: "İnsanovun həbsxana işçiləri və ya dustaqlar arasında kimisə aşağılamasını və ya acılamasını heç zaman görmədim və eşitmədim. Çox dəqiq və məsuliyyətli proqrama malik idi. Boş vaxtlarında dustaqların səhhəti ilə bağlı şikayətləri dinləyirdi və məsləhətlər verirdi. Yaddaşı o qədər möhkəm idi ki, bəzən min dustağın içində nə vaxtsa dərmanlar məsləhət verdiyi dustağı saxlayıb halını soruşurdu. Bütün bunlardan sonra mənim onun barəsində qənaətim: o, mövcud siyasi sistemin formalaşmasında əməyi keçdiyi üçün ciddi peşimançılıq keçirən qurbandır. Bu cür siyasi sistemlər möhkəmləndikcə öz içindəki ləyaqətli, savadlı və iddialı şəxsləri məhv edirlər".

Anar Məmmədli Əli İnsanovun yenidən yenidən siyasi məhbus ömrü yaşayacağına üzüldüyünü də vurğulayıb: "Bu adam ömrünün qürüb çağında nə prezidentliyə, nə də deputatlığa namizəd olasıdır. Bəli, müxalif düşərgəsində bir çox şəxsə ciddi şəkildə simpatiya bəsləyir. Yəqin ki, azadlığa çıxarsa, müxalif çevrələrə qoşulacaq. Məncə, ona qarşı bu cür barışmaz münasibətin arxasında müxalif düşərgəyə bağlıllğı və iradəsi durur. Bununla da hakimiyyət onun nüfuzu və xarakterindən çəkindiyini göstərdi”.