XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 10:35

Əliməmməd Nuriyev:“Prezidentə müraciət etməyə ehtiyac yoxdur”

elimemmed

“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası prezidentə üz tutaraq, qeyri-hökumət sektorundakı problemlərin həllini istəyib.

Koalisiyanın Şura üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Azadlıq Radiosuna deyib ki, müraciəti bir qrup üzv imzalayıb və onu bütün koalisiya adından təqdim etmək düzgün deyil. Müraciəti “təkrarçılıq” sayan Ə. Nuriyev hökumətin, ayrıca Prezident Administrasiyasının “bu sektordakı problemlərlə gündəlik məşğul olduğunu” əsas gətirərək, ona “ehtiyac qalmadığını” bildirir: “Onsuz da iş gedirdi. Bu müraciətin mənasını görmürəm. Bununla bağlı bütün məlumatlar təqdim edilib, müzakirələr aparılır. Cənab prezident də göstəriş verib. Çoxlu işlər də görülüb, narahatlıq yaradan problemlərin 90 faizi həll olunub. Bu yaxınlarda bəzi addımlar da atılacaq. Bir neçə məsələ həll olunmamış qalıb”.

Əliməmməd Nuriyev koalisiya üzvlərinə sərhəddə qoyulan “stop”un götürüldüyünü, bank hesablarına həbslərin qaldırıldığını da vurğulayır. Şura üzvü artıq 21 qrant müqaviləsinin qeydə alındığını, qeydə alınmayan bir neçə layihə ilə bağlı müzakirələrin də davam etdiyini bildirir. O, bu məsələnin də həllini tapacağını düşünür. QHT üzvləri ilə bağlı cinayət işlərinə gəlincə, Ə.Nuriyev bunu “yalan” adlandırır.

Əliməmməd Nuriyev Fuad Qəhrəmanlının “QHT işinə” görə həbs edilmədiyini, haqqında məhkəmə getdiyini bildirir. O, Asif Yusiflinin də dələduzluqda suçlandığını və onun əfvi üçün ölkə başçısına müraciət edildiyini deyir: “Məlum oldu ki, cəmi bir nəfər – Elçin Abdullayev haqqında cinayət işi qaldırılıb. Bu iş ötən ilin oktyabrında dayandırılıb. Koalisiyanın bir üzvü barəsində də 2012-ci ildə cinayət işi qaldırılıb, amma bunun “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası ilə əlaqəsi yoxdur. Həmin işlə də bağlı müzakirələr aparılır. Güman edirəm, buna da aydınlıq gətiriləcək. Özü də həmin şəxs həbsdə deyil, sadəcə, barəsində ölkədən çıxmamaq haqda qərar var”.