XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 19:08

Əli Əhmədov:"Bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinə kölgə salır"

“Güman edirəm ki, həmsədr dövlətin nümayəndəsi tərəfindən belə bir bəyanatın səsləndirilməsi o qədər də yerinə düşmür”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar açıqlamasına münasibət bildirərkən deyib.

Ə.Əhmədov qeyd edib ki, bundan əvvəl ABŞ dövlət katibi tərəfindən də təxminən buna bənzər bəyanat səsləndirilmişdi: “Həm Azərbaycan ictimaiyyətinin, həm də hökumətinin bu bəyanatlara kifayət qədər sərt reaksiyaları oldu. Azərbaycan vətəndaşlarının hər biri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayır. Hesab edirəm ki, status-kvonun yaxın zamanlarda dəyişdirilməsi regionda sabitliyin və əmin-amanlığın təmin olunmasının ən doğru yollarından biridir”.

Baş nazirin müavini bildirib ki, münaqişənin həll edilməsi üçün yaradılmış Minsk qrupunun həmsədr ölkələrinin rəsmiləri tərəfindən belə bəyanatların səsləndirilməsi Minsk qrupunun həmsədrlərinin öhdəliklərini yerinə yetirmək iddiasında, gücündə olmamaları anlamına gətirib çıxarır: “Bu qurumun kifayət qədər səylər göstərdiyini də qeyd etmək istəyirəm, amma səsləndirilən bu cür bəyanatlar Minsk qrupunun fəaliyyətinin üzərinə istər-istəməz kölgə salır”.