XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 09:34

Nazir:“Kritik anda enerji faktorunun təsir rıçaqına çevirməsi alternativ enerjini aktuallaşdırır”

natiq

“İrəli sürülən bütün alternativ təşəbbüslərə rəğmən, dünyanın mövcud geosiyasi mənzərəsini və müasir qlobal çağırışları müəyyənləşdirən başlıca amil kimi yenə enerji çıxış edir”.

Bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunduğu məqaləsində deyilir.

Nazirin sözlərinə görə, təsadüfi deyil ki, bu gün fərqli məkanlarda keçirilən müxtəlif səviyyəli beynəlxalq tədbirlərin əsas müzakirə mövzusu, dünya liderlərinin narahatlıq motivi, nəhayət dövlətlərarası münasibətlərin, əməkdaşlıq formatlarının tənzimləyicisi qismində məhz bu amil çıxış edir: "Genişmiqyaslı inflyasiya ilə xarakterizə olunan qlobal maliyyə böhranının əhatə dairəsinin genişlənməsi, neftin qiymətinin kəskin şəkildə düşməsinin iqtisadiyyatında neft həlledici rol oynayan ölkələrdə yaratdığı yeni vəziyyətlərdə enerji amilinin təsir gücünü bir daha nümayiş etdirməkdədir. Bu amilin yaratdığı yeni geosiyasi reallıqlar enerji təhlükəsizliyi, enerji asılılığı kimi məsələlərin siyasi məzmununu daha da gücləndirməklə yanaşı, istər enerji resurslarının hasilatçısı və ixracatçısı, istərsə də idxalatçısı olan dövlətlərin öz enerji siyasətinə daha geniş aspektdə baxmasını zərurətə çevirib, enerji asılılığından qurtuluşu hər bir ölkənin müstəqilliyinin uzun bir dövr üçün son dərəcə vacib şərti kimi müəyyənləşdirib".
 

N. Əliyev əlavə edib ki, Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi müstəqil enerji siyasəti hesabına Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirib, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib: "Milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşutlarının şaxələnməsinə töhfə verən iri enerji mərkəzi statusunda çıxış etməkdədir.

Eyni zamanda, onu da diqqətə çatdırmalıyıq ki, Azərbaycan kimi enerji təhlükəsizliyini təmin etmiş dövlətlər də bu gün enerji təminatı kursunu sürətlə dəyişən qlobal çağırışlara uyğunlaşdırmağa, enerji siyasətinin əhatə dairəsini təkcə neft-qazla məhdudlaşdırmamağa çalışır. Enerji hasil və ixrac edən bir sıra dövlətlərin öz milli maraqlarından irəli gələn kritik məqamlarda enerji faktorunu digər dövlətə qarşı asanlıqla təsir rıçaqına çevirmələri, ənənəvi enerji ehtiyatlarının getdikcə tükənməsi, dünyanın neft bazarındakı qiymət tərəddüdləri bir çox dövlətlər qarşısında neft və təbii qaz kimi resurslardan asılılığın azaldılması, enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi kimi məsələləri aktuallaşdırır. Bir sözlə, milli təhlükəsizliyin tərkib hissəsi kimi enerji təhlükəsizliyinin bütün dövrlər üçün təmin edilməsi bu gün hər bir dövlətin başlıca vəzifəsi olaraq görünür. Əminliklə deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları çərçivəsində deyil, elektrik enerjisi təminatı səviyyəsində də tam nail olmuşdur. Dövlətin enerji təhlükəsizliyi məsələsinə elə öz imkanları müstəvisində belə çoxşaxəli yanaşma Azərbaycanın enerjinin hər hansı bir növündən asılılığı təhlükəşini aradan qaldırır. Ölkə iqtisadiyyatının və əhalinin enerji təminatının həm bu gün, həm də gələcək üçün etibarlılığını təmin edir".