“Qərblə Rusiya arasında əsas münaqişə mənbəyi Ukrayna və Suriya məsələsidir. Moskva Suriyanı dağıdan Qərbin sonra Türkiyəyə, Türkiyədən İrana, İrandan da Rusiyaya keçəcəyini çox gözəl anlayır”
Strateq.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə ABŞ-la Moskva arasında kəskinləşən münasibətləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə və İranı dağıdandan sonra növbəti hədəf Rusiyadır: “Onlar bunu anladıqlarına görə özləri üçün qırmızı xətt kimi Suriyanı götürüblər. Yəni fikirləşirlər ki, birbaşa Qərbin təsiri altına düşməmək üçün Suriyanı qorumalıdırlar”.
Z. Əlizadənin sözlərinə görə, Qərb ona itaət etməyən dövlətləri dağıda-dağıda gedir. İraqı, Tunisi, Liviyanı, Yəməni, indi də Suriyanı dağıdır: “ Əsas şey itaətdir. İtaət etməsən sən diktator, şeytanın yerdəki nümayəndəsi olursan. Bütün media, hətta, bəzən bədii əsərlər səni xortdan kimi təqdim edirlər. Belə olduqda göyə də çıxsan, yerə də düşsən səni əvvəl-axır devirirlər. Necə ki, Sudanı parçaladılar. Növbədə başqa yad ölkələr də var. Hətta, ola bilsin ki, Səudiyyə Ərəbistanını da dağıtsınlar”.
Politoloq qeyd edib ki, Rusiya müstəsna zəngin bir sahədir. Mendeleyev cədvəlinin əsas xammalı Rusiya ərazisində yerləşir. Bəzi mineralların 70, bəzilərinin 80, bəzilərinin isə 40 faizi Rusiya ərazisində yerləşir: “Bu, nəhəng ehtiyatlardır. Ona görə də Qərbdə hesab edirlər ki, rus xalqına, yəni başqasına bu qədər ərazinin qismət olması böyük ədalətsizlikdir. Özlərinin olsa idi özləri qəşəng yeyib, həzm-rabedən keçirib, qazanardılar. Dünyanı transmilli şirkətlər idarə edir. Onlar da istənilən ölkəyə qazanc mənbəyi kimi baxırlar. Başqa şey yoxdur. Demokratiya, insan haqları nəzəriyyədir. Göyərti, soğan kimi kababın üstünə çəkirlər ki, yeyə bilsinlər”.