XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 08:49

Politoloqdan açıqlama:"ATƏT bu işğalın uzanmasını təminat altına alır”

elxan

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərlərinin yeganə məqsədi Azərbaycan və Ermənistan prezidentlərini ilin sonuna qədər görüşdürməkdir.

Bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi deyib ki, belə bir görüş ilk növbədə həmsədrlərə və Ermənistan hakimiyyətinə lazımdır:

“Həmsədrlərə ona görə lazımdır ki, ATƏT rəhbərliyi və öz nazirləri qarşısında vəziyyətin nəzarət altında olduğuna dair hesabat verəcəklər. Yüksək maaş alan həmsədrlər ilin sonuna qədər hazırlayacaqları hesabatı prezidentlərin görüşü ilə tamamlamaq istəyirlər. Ən pis halda iki ölkənin xarici işlər nazirlərini görüşdürəcəklər.

Ermənistan hakimiyyətinə isə bu görüş status-kvonu uzatmaq üçün lazımdır. Vyana və Sankt-Peterburq görüşləri münaqişənin mərhələli həllini sürətləndirmək əvəzinə, ATƏT-in cəbhə bölgəsində monitorinq çalışmalarını genişləndirdi. Bu çalışmalar Ermənistanın xeyrinədir ki, ATƏT cəbhə bölgəsindəki vəziyyəti daim nəzarətdə saxlasın. Bu cür monitorinq Azərbaycan ordusunun işğalçını təzyiq altında saxlamasına ziddir. Apreldən bu yana ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi geniş monitorinqin aparılması üçün işçi heyətini genişləndirə bilmədi. Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ATƏT atəşkəsi monitorinq etməklə bu işğalın uzanmasını təminat altına alır”.

Politoloqun sözlərinə görə, ilin sonuna qədər prezidentlərin görüşü sual altındadır: “Minsk Qrupu işğal atındakı torpaqların boşaldılmasını əvvəlkitək Dağlıq Qarabağa veriləcək statusla əlaqələndirir. Uorlik bölgəyə səfər etmədən öncə bunu açıq bəyan edib. Rəsmi Bakı paket həll variantından imtina etdiyini dəfələrlə bildirib. Həmsədrlər danışıqları sürətləndirmək üçün passiv mövqe nümayiş etdirsələr də, aprel hadisələrinin bir daha təkrarlanmaması üçün fəaldırlar. Bölgəyə səfərləri və prezidentləri görüşdürmək istəkləri də məhz bu məqsədə xidmət edir. Ancaq bu, Azərbaycanın məqsədinə tərsdir. Bütün bu proseslərə “yox” deməyin yolu işğalçıya təzyiqin artırılmasından keçir. Həmsədrlər danışıqların imitasiyasıyla, sadəcə, hərbi toqquşmanın tarixini bir müddət üçün ləngidə bilərlər, ancaq tam qarşısının alınması onların imkanı xaricindədir. Çünki apreldə düyməyə basılıb və mexanizm işə düşüb. Mexanizmin adı “torpaqların işğaldan azad edilməsidir”.   (Axar.az)