XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2016 - 11:27

Komitə sədri:“Məhkəmələr qərar verəndə dövlətin qoşulduğu beynəlxalq konvensiyalara da istinad etməlidir”

hicran-huseynova

“Azərbaycan rəhbərliyinin dəstəyi ilə ölkədə güclü hüquqi qanunvericilik bazası yaradılıb”.

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib ki, mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır.

Onun sözlərinə görə, artıq qadınlar onların arxasında güclü dövlət müdafiəsinin dayandığını bilir. Komitə sədri vurğulayıb ki, təkcə qanunların qəbul olması əsas deyil, onların implementasiyası da vacibdir: “Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir”.

H.Hüseynova qeyd edib ki, məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılıb. Onun sözlərinə görə, məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır: “Burada əsas iki məqsəd var. ilk növbədə biz araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəldir, xüsusilə regionlarda seminarlar, görüşlər keçiririk. İkincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdiririk. Bu günlərdə Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən “Məişət zorakılığının qarşısının alınması ilə bağlı” 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub”.

APA