"Klinton prezident seçilərsə, Azərbaycan və ABŞ əlaqələri bütün sahələrdə inkişaf edəcək".
Bu sözləri ABŞ-da keçirilən prezident seçkiləri, namizədlərin xarici siyasətləri və nəticələrin ABŞ-Azərbaycan münasibətlərinə təsiri barədə Axar.az-a danışan millət vəkili Asim Mollazadə deyib.
Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və regionda sülhün əldə olunması baxımından Amerikanın yeni seçiləcək prezidentinin kimliyi mühüm əhəmiyyət kəsb edir:
“İki ölkə arasında təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq var və Azərbaycan antiterror koalisiyasının fəal üzvüdür. Azərbaycan bir sıra enerji layihələri ilə uzun müddətdir ki, ABŞ-ın maraq dairəsindədir və ölkəmizin bir çox üstünlükləri bu kontekstdə önəmli rol oynayır. Bundan başqa, Azərbaycanın ABŞ ilə NATO hərbi qüvvələrinə ciddi lojistik dəstəyi yüksək qiymətləndirilir. Hesab edirəm ki, yeni prezident nəinki Azərbaycanla əməkdaşlığı gücləndirməli, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində ciddi addımlar atmalıdır. Bu, Azərbaycan-ABŞ tərəfdaşlığı üçün olduqca önəmlidir”.
Millət vəkili bildirib ki, Klintonun prezident seçilməsi Azərbaycan-ABŞ əlaqələrini daha da irəliyə aparacaq:
“Azərbaycanın enerji strategiyasının dəqiqləşdirilməsində Bill Klinton böyük işlər görüb. Ona görə də ABŞ-da Klinton komandasının yenidən hakimiyyətə gəlməsi Avropanın enerji təhlükəsizliyi baxımından planlaşdırılan bir sıra layihələrin reallaşdırılması istiqamətində mühüm addımların atılmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkisi keçirilir. Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından Donald Trampd prezidentlik uğrunda mübarizə aparır.