XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 March 2015 - 09:09

Fəvvarələr meydanında rəzalət – müxalifət hardadır?
Fəvvarələr meydanında rəzalət - müxalifət hardadır?
Cəmi bir neçə ay əvvəl dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü.
Bəllidir ki, neft bazarında biz də varıq, ancaq o bazarda biz söz sahibi deyilik. Orada öz iradəsini diktə edən ölkələr var. O da bəllidir ki, neft sadəcə strateji əhəmiyyətli məhsul deyil, o həm də iqtisadi müstəvidə dəhşətli silahdı. Nüvə silahının dağıda bilməyəcəyi Sovet İttifaqı kimi super ölkə məhz neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra iflasa uğradı. ABŞ-la Səudiyyə Ərəbistanının Sovet İttifaqına qarşı bu qəsd planı haqqında indi Qərb mediasında çoxsaylı analitik yazılar gedir. Yekun rəy belədir ki, eyni kombinasiya ilə Rusiyanı da məhv etmək olar. Qərb hazırda Putini iqtidardan uzaqlaşdırmaq üçün bir dəfə ona uğur gətirmiş bu qəsd planına yenidən əl atıb. Rusiya bunun fərqindədir. Bir barel neftin əvvəlkindən daha baha olmasının yolunu Kreml yaxşı bilir. Bunun üçün İranla Səudiyyə Ərəbistanı arasında məzhəb müstəvisində savaşa nail olmaq lazımdır. Bu isə o qədər də asan məsələ deyil. Xüsusən son vaxtlar nüvə məsələsində Qərblə anlaşan İranı belə avantüraya təhrik etmək mümkünsüz görünür. Nəzəri baxımdan Rusiya başqa addımlar da ata bilər. Amma rəsmi Moskvanın manevr imkanları sürətlə daralır… O da aydındır ki, neftin ucuzlaşması ilə Qərb yalnız Rusiyanın deyil, həmçinin ipə-sapa yatmayan Venesuela və İran kimi ölkələrin də dizini yerə gətirmək istəyir. Biz isə bu böyük oyunu kənardan izləmək zorundayıq. Bu bir qlobal prosesdir, həmin burulğanda biz də öz iradəmizin əksinə olaraq fırlanırıq…
Şübhəsiz ki, neft satışından Azərbaycana daxil olan vəsaitin az qala yarıbayarı azalması təsirsiz ötüşə bilməzdi. Ancaq iqtidar həmin təsirlərin Azərbaycanda hiss olunmasına süni şəkildə mane olmağa başladı. İqtidar elə zənn edirdi ki, neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır. Ancaq hadisələrin gedişi göstərir ki, bu hələ başlanğıcdır və qlobal miqyasda çaxnaşma olmasa neftin qiyməti 20 dollara qədər enə bilər.
Bəli, Azərbaycan dünya bazarının diktəsinə uyğun hərəkət etməliydi. Ancaq bu dəfə biz yenə əndrabadi gedişlərə şahid olduq. Manat nə qədər öz dəyərin itirdisə, bu iqtidarın reytinqi də bir o qədər aşağı düşdü. Tərəddüdsüz demək olar ki, bu xalqa qarşı qəsd idi. Və bu qəsd planı bütün ölkəni silkələdi. Belə olmamalıydı. Heç bir şərt altında prezident İlham Əliyev bu işə razılıq verməməliydi.
Proses asta-asta, ciddi sarsıntıya səbəb olmadan baş verməliydi. Yəni, tədricən, mərhələ-mərhələ. Baltanı kökündən vurmaq olmazdı.
Əlbəttə, Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı ölkələrin milli valyutası müvafiq olaraq öz dəyərini itirməliydi. Bu, qaçılmaz idi. Amma bu proses təbii axarı ilə getməliydi. Bir anın içində manatın başına o boyda daş salmaq olmazdı. Ancaq “uf” demədən saldılar. Onsuz da varlı olmayan xalq müflis oldu.
İqtidarın təbliğatı isə möcüzələr yaratdı. Tamaşaçının gözünün içinə baxa-baxa bəyan etdilər ki, xalq manatın 35 faizə qədər öz dəyərini itirməsindən çox məmnundur. üstəlik, manat ucuzlaşsa da, mağazalarda qiymətlər əvvəlki səviyyədə qalıb. Heç bir sağlam məntiqin qəbul etmədiyi bu kimi bəyanatlar rəsmi təbliğatın əsas tezislərinə çevrildi. Təbii ki, bazar bu kimi yalanları heç vecinə də almır və öz təbiətinə uyğun şəkildə qiymətləri tənzimləyir.
Bəs bu boyda müsibətə xalqın təpkisi oldumu? Oldu deməyə dil də gəlmir. Belə deyək, iqtidarın bu özbaşınalığına təpki göstərməyə cəhd edənlər vardı. 76 yaşlı Safura Nağıyeva meydana girib xalqın dərdini dilə gətirməsəydi, heç iqtidara təpki göstərilməsinə cəhdən belə danışmağa dəyməzdi. Nə qədər acı da olsa etiraf etmək gərəkir ki, Fəvvarələr meydanında bu xalq bir daha rəzil oldu. Gücsüz, başıpozuq bir ovuc insan milyonların dərdini ifadə edə bilmədi. İqtidarı silkələyərək məntiqə söykənən qərarlar verməyə vadar etmək də onların imkanı xaricində idi. “Qiymət artımına son” aksiyasını “Facebook” üzərindən təşkil edənlər bacarmadıqları bir işə qol qoyublar. İqtidar etirazın bu həddə olacağını hesablaya bilsəydi manatın dəyərini 35% yox, bəlkə də 50 % endirərdi. Əminəm ki, hökumət xalqdan daha ciddi müqavimət gözləyirdi. Ancaq xalq onların ümidini doğrultmadı. çünki xalqın gücünü vahid bir nöqtəyə yönəltməli olan müxalifətin ortada yalnız adı var, özü isə yox kimidir.
O da etiraf olunmalıdır ki, bizim camaatda təpər yoxdur. Bunu mən çoxdan bilirəm. Bəs yekə-yekə bəyanatlar verən partiyalar haradadır? 5-10 min vətəndaşını bir araya gətirə bilməyən müxalifət hansı məntiqlə siyasi hakimiyyət uğrunda mübarizədən danışır? Bizim müxalifət liderləri daha çox “parket generallar”ını xatırladır. Onları heç traktorla da kabinetlərdən dartıb bayıra çıxarmaq olmur. Təkcə iqtidar xalqdan uzaq düşməyib. Müxalifət liderləri də xalqdan təcrid olunub. Ən əsası isə,müxalifət xalqın anlayacağı dildə danışmaq, onu inandırmaq imkanını sanki birdəfəlik əlindən verib. Hazırda müxalifət virtual dünyada, sosial şəbəkələrdə, xüsusən “Facebook”da mövcuddur. Bu mövcudluq isə daha çox saxta profillərlə pafoslu çağırışları “like” etmək formasında özünü göstərir. Müxalifət liderləri hələ də elə düşünürlər ki, xalqı sosial şəbəkələr vasitəsi ilə ayağa qaldırmaq olar. O mərhələ isə çoxdan arxada qalıb.
Fakt odur ki, manatın ucuzlaşması ilə bağlı iki tədbir keçirildi. Fevralın 25-də Milli Strateji Düşüncə Mərkəzi Müsavat Partiyasının qərargahında ölkədəki son böhranla bağlı dinləmələr təşkil etdi. Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun rəhbərliyi altında manatın devalvasiyasına həsr olunan ekspert müzakirəsi keçirildi. Ancaq bu tədbirlər daha çox nəzəri xarakter daşıyırdı. Və bu tədbirlərdə xalqın təpkisinin ortaya qoyulmasından danışmağa belə deyməz. ümumiyyətlə, faktiki iki yerə bölünmüş Müsavat Partiyasının bundan sonra siyasi proseslərə ciddi təsir göstərəcəyi xeyli şübhəli görünür.
Vaxt var idi ki, Müsavat Partiyası digər müxalif qurumlarla əl-ələ verib on minlərlə insanı şəhərin mərkəzi meydanlarına çıxarırdı. Artıq çoxdandır ki, xalq bir-birinə yağı kəsilmiş müxalifət liderlərinin dalınca getmir. İqtidarın bütün basqılarına baxmayaraq xalqda müxalifətə inam bərpa olunmur. Hətta bu boyda soyğunçuluq da vəziyyəti müxalifətin xeyrinə dəyişmədi.
Bir də Milli Şura bəyan edib ki, martın 15-də manatın ucuzlaşmasına etiraz olaraq kütləvi tədbir keçirəcək. Manat fevralın 21-də ucuzlaşdı. Müxalifət son dərəcə ləng hərəkət edir, halbuki çevik manevrlərə ehtiyac vardı. Hadisədən 24 gün sonra mitinq nəzərdə tutulub. Milli Şuranın indiyə kimi keçirdiyi tədbirlərin hər hansı effektindən danışmaq xeyli məsuliyyət tələb edir. çünki rusiyameylli olduğu iddia olunan bu qurum da ortaya ciddi bir nəticə qoya bilmir. O da yaddadır ki, Müsavat Partiyası Milli Şurada olanda belə bu təşk
ilat diqqətçəkən siyasi aksiyalar keçirə bilmədi. Müsavat və daha bir neçə partiyanın tərk etdiyi Milli Şura indi daha çox AXCP ilə assosiasiya olunur. Ona görə də bundan sonrakı aksiyaların da xeyli sönük keçəcəyini bəri başdan proqnozlaşdırmaq olar…
Elbəyi Həsənli