XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 15:51

Azay Quliyev:"Təsəvvür edin ki, 35 milyon səsvermə hüququ olan vətəndaş öz adını seçici siyahısında tapa bilmədi"

azay-quliyev

Millət vəkili, ATƏT PA-nın sədr müavini Azay Quliyev ABŞ-da 8 noyabrda keçirilən seçkilərlə bağlı fikirlərini paylaşıb.

A.Quliyev ABŞ-da keçirilən seçki zamanı çatışmazlıqları, milyonlarla seçicinin seçkidən kənarda qalmasının səbəblərini analiz edib və təkliflərini səsləndirib.

Sözügedən təklifləri təqdim edirik:

1) ABŞ dövləti vətəndaşların hamısına səsvermə zəmanəti verməlidir. 8 noyabr seçkilərində seçicilərin böyük bir hissəsi səsvermə hüququndan istifadə edə bilmədi. Belə ki, cəzaçəkmə müəssisələrində olanlarla yanaşı, həbsxanadan çıxmış və ya məhkəməsi davam edən 6 milyon ABŞ vətəndaşı səsvermə imkanından məhrum oldular.

2) ABŞ seçici siyahısına olan tələbləri yenidən işləməli və bütün seçicilərin siyahıya alınmasını təmin etməlidir. Builki seçki göstərdi ki, ABŞ-ın seçici siyahısında olan çatışmazlıqlar ATƏT-ə üzv olan ölkələrin hamısından pis vəziyyətdədir. Təsəvvür edin ki, noyabrın 8-də 35 milyon səsvermə hüququ olan vətəndaş öz adını seçici siyahısında tapa bilmədi. Sadəcə ona görə ki, ABŞ seçki administrasiyası onların adını siyahıya salmamışdı. Bu fakt seçkilərin legitimliyinin zədələnməsinə əsas verə bilər.

3) ABŞ-ın bəzi əraziləri Konqresdə təmsilçilik hüququndan məhrumdur. Məsələn, ABŞ ərazisində 4 milyondan çox vətəndaş, o cümlədən Kolumbiya rayonunun 600 min vətəndaşı Nümayəndələr Palatasında təmsil oluna bilmir. ABŞ-ın seçki sistemində olan boşluqlar bu vətəndaşlara Nümayəndələr Palatasında təmsil olunmağa imkan vermir.

4) ABŞ-ın ən azı 15 ştatında yeni səsvermə texnologiyası ciddi suallar doğurur. Belə ki, elektron səsvermə zamanı seçicilər səslərinin qeydə alınmasına tam əmin deyillər, çünki köhnə “səsvermə cihazı” seçicinin qeydə alınması haqqında hər hansı bir məlumat təqdim etmir və bu da öz növbəsndə hər hansı bir mübahisə zəminində seçki komissiyasına səsləri təkrar saymaq imkanı vermir. Beləliklə, milyonlarla seçicilərin səs verməsində müəyyən şübhələr meydana gəlir.

5) ABŞ-da seçki sisteminin həddən artıq qeyri-mərkəzləşdirilmiş olması, yəni hər bir ştatın özünəməxsus seçki qaydalarına üstünlük verməsi ölkə üzrə vahid seçki standartlarının tətbiq edilməsinə imkan vermir. Bu isə operativ seçki idarəçiliyinə ciddi maneələr yaradır və bir sıra qanun pozuntularına yol açır. Ona görə də ABŞ seçki qanunvericiliyində müvafiq dəyişikliklər edilməli və vahid standartalar Federal səviyyədə tətbiq olunmalıdır.

6) ABŞ-ın beynəlxalq seçki müşahidə missiyasına tam şərait yaratmaması və onların fəaliyyətini dəstəkləməməsi ölkənin götürdüyü öhdəlikləri pozmuş olur. Təəssüflə qeyd olunmalıdır ki, ABŞ-ın seçki administrasiyası ATƏT-n beynəlxalq seçki müşahidə qaydalarının ziddinə olaraq beynəlxalq müşahidəçiləri nə erkən səsvermə zamanı, nə də seçki günü səsvermənin gedişini izləməyə imkan vermədi.

Düşünürəm ki, ATƏT-in yaradıcılarından olan və beynəlxalq seçki müşahidə missiyasını bütün dünyada təşviq edən ABŞ-ın aidiyyəti qurumları və rəsmləri üçün bu qərarı əsaslandırmaq o qədər də asan olmayacaq. Ümid edək ki, yeni administrasiya bu boşluqların aradan qaldırılması və ATƏT-in digər tövsiyələrinin yerinə yetirilməsi istiqamətində müvafiq addımlar atacaqdır.