XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2016 - 17:19

Donald Tramp necə qələbə çaldı? –Britaniyalı professordan açıqlama

tramp-001

“Bu o demək deyil ki, Hillari Klinton tərəfdarları boş oturublar. Bu o deməkdir ki, Tramp tərəfdarları gözlənildiyindən daha fəal davranıblar.

Belə görünür ki, onlar səs verməyə …daha motivasiyalı olublar”, – Britaniyanın Birmingem Universitetinin ABŞ tarixi üzrə professoru Skott Lucas deyir.

DƏRİN SƏBƏBLƏR

Tramp tərəfdarlarının bu dərəcədə fəallığı, əslində, bizi bu qələbənin daha dərin səbəblərinə aparır. Bu səbəblər Amerikada siyasi isteblişmentdən narazılığın geniş yayılması və insanların dəyişiklik istəməsidir.

Amerikada seçki günü açıqlanmış Reuters/Ipsos sorğusunun nəticələrinə görə, seçicilərin 72%-i hesab edir ki, “ənənəvi partiyalar və siyasətçilər mənim kimi insanları düşünmürlər”. Respondentlərin 57%-i isə düşünür ki, “Amerikanın ölkəni zəngin və güclülərin əlindən geri ala biləcək güclü liderə ehtiyacı var”.

Tramp həmin bu əhval-ruhiyyədən yararlana bildi. O, öz seçki kampaniyasını “Amerikanı yenidən güclü edək!” şüarı üzərində quraraq özünü siyasi təcrübəsi olmayan, dəyişikliyi gətirməyə qadir kənar şəxs kimi qələmə verməyi bacardı. Keçmiş senator, dövlət katibi və birinci ledi olmuş Klinton-a yanaşı qoyulanda, bu, xüsusilə nəzərə çarpır.

“Özəlliklə də “Pas qurşağı” adlandırılan ştatlarda (İllinoy, İndiana, Miçiqan, Ohayo və Pensilvaniya) “Amerikanı yenidən böyük edək!” şüarı ağdərili seçicilərin ürəyindən xəbər verirdi. Onlar hesab edirdilər ki, istehsalyönlü iş yerləri yoxa çıxıb və onların yerinə yeniləri yaranmayıb. Clinton eyni qaydada dəyişiklik təklif edə bilməzdi, çünki o, siyasətin içində idi, 30 ilə qədər müxtəlif hökumət vəzifələrində çalışmış adam idi”, – Britaniyanın Northumbria Universitetinin ABŞ tarixi üzrə professoru Maykıl Kalinan deyir.

Seçki günü açıqlanmış Reyter-Ipsos sorğusu ali təhsili olmayan ağ kişilər arasında Trump-ın Clinton-dan 31 xal daha çox dəstəyə malik olduğunu göstərdi. Ağdərili qadınlar arasında bu fərq 27 xal idi.

Bunun əksinə olaraq, qadın seçicilər arasında Klinton Tramp-dan 2 faiz irəlidə idi. O, azlıqlar arasında da Trump-dan daha yaxşı nəticə göstərmişdi. Afrikalı amerikalıların 89%-i, Latın amerikalıların 66%-i, Asiya amerikalılarınınsa 65%-i Klintonu dəstəkləyirdi.

Trump tərəfdarları sistemdən kənar adamın prezident olmasını istəyirdilər. Trump da, özünün Nyu Yorkda daşınmaz əmlak maqnatı olmasına baxmayaraq, onları kənar adam olmasına inandırdı. O, siyasətçiləri yalançı və qeyri-səmimi adlandıraraq özünü onlardan fərqli göstərməyi bacardı.

Üstəlik, o, media ilə açıq-aşkar dava etməklə özünün “kənar adam” statusunu bir qədər də qabartmış oldu. O, medianı “yalançı mətbuat” adlandırırdı və bunu çox zaman insanlarla birbaşa ünsiyyətdə, “Tvitter” də edirdi.

Eyni zamanda, o, seçicilərə göstərməyə çalışdı ki, iş adamı olaraq, prezidentliyə siyasi təcrübəsi olan namizədlərdən daha hazırdır. O, davamlı olaraq, Klintonun da dövlət katibi kimi çalışdığı Obama administrasiyasını Çinlə uğursuz ticarət sövdələşmələrinə getməkdə ittiham etdi və Amerika üçün daha yaxşı şərtlər əldə edəcəyinə söz verdi.

Bütün bunlardan əlavə, Trump-ın daha bir statusu var idi: televiziyada tez-tez görünən məşhur adam statusu.

Xalq Klintonu rəsmi vəzifələrinə görə tanıyırdı. Tramp isə “The Apprentice” adlı realiti şousunun aparıcısı kimi tanınmışdı. 2003-cü ildə başlamış bu şou 14 mövsüm davam etdi. Burada gənc iş adamları Trampın daşınmaz əmlak şirkətində çalışmaq şansı qazanmaq uğrunda yarışırdılar. Trampın şouda uduzanlara cavabı belə idi: “Sən qovuldun!” Bu ifadə gündəlik həyatda insanların dilinə düşdü və Trampı işi sona qədər görən qətiyyətli biznesmen kimi tanıtdı.

Seçkilər sona çatdı. İndi Trampı gözləyən əsas sınaq onun seçki kampaniyası dövründə verdiyi vədlərə əməl etməsidir.

Onun ən ziddiyyətli vədləri arasında qanunsuz mühacirlərin ABŞ-a daxil olmasını önləməkdən ötrü Meksika ilə sərhəddə divar tikmək, üstəlik, divarın pulunu Meksikaya ödətmək də var. Bundan başqa, o, bəzi mövcud beynəlxalq ticarət sazişlərinə yenidən baxılacağına, iş yerlərini xaricə köçürən ABŞ şirkətlərinin cəzalandırılacağına söz verib.

“Divarı tikmək, ticarət sazişlərini yeniləmək, hər kəsə “Sövdələşmə elmini” göstərməyə onun dörd ili var”, – professor Kallinan deyir. “Sövdələşmə elmi” deyərkən, o, Trampın 1987-ci ildə yazdığı, biznes praktikasına dair məsləhət kitabını nəzərdə tutur. “Ancaq dörd ildən sonra o, artıq kənar şəxs olmayacaq. Məhz elə o zaman seçicilər onun onların gözləntilərini doğruldub-doğrultmadığı barədə qərar verəcəklər”.  (Azadlıq.info)