XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Noyabr 2016 - 13:10

Donald Trampın ilk müsahibəsi:“Xalqı ayağa qaldırmaq üçün qaynar çıxışlara ehtiyac yaranır”

tramp-mwsahibe

ABŞ prezidenti seçilmiş Donald Tramp bazar günü mətbuatda çıxışında mövqeyini bir daha ortaya qoyub, hansı vədlərinin üstündə dayanacağını, hansı məqamda gözləndiyindən yumşaq davranacağını bildirib.

«The New York Times» qəzeti yazır ki, tənqidçilərini qınamaq niyyətiylə D.Tramp «Twitter»dən istifadə edib, bununla da prezidentlərin amerikalılarla danışmaq üsulunu tamamilə dəyişəcəyi, sosial mediadan Ağ Evdə də yararlanacağı ehtimalını yaradıb.

 

BAŞQA ÖLKƏYƏ GETSİNLƏR

Qələbədən sonra ilk dəfə olaraq D.Tramp televiziyaya bir saatlıq müsahibə verib. CBS telekanalında çıxışından D.Trampın miqrantlara vəd etdiyi qədər sərt olmayacağı, amma abort hüququnun məhdudlaşdırılmasında israrlı mövqe tutacağı aydın olub. «Bəs abort istəyən qadınlar neyləməlidir» sualına cavabında D.Tramp “yəqin ki, başqa ölkəyə getməli olacaqlar” deyib.

Meksikayla sərhədə çəkiləcək divara gəlincə, D.Tramp divarın bütün sərhədboyu uzanmayacağını, bəzi yerlərdə çəpərlə kifayətlənəcəklərini bildirib. O ki qaldı sayı 11 milyona çatan sənədsiz miqrantlara, D.Tramp onların hamısını deyil, yalnız kriminal keçmişi olanları, yəni təhlükəli hesab etdiyi 2-3 milyon miqrantı ölkədən qovacağını söyləyib. “The New York Times” indiki prezident Barak Obamanın da dövründə 2 milyondan çox miqrantın ölkədən çıxarıldığını qeyd edir. D.Tramp cinayətkar olmasalar da, sənədsiz miqrantların «dəhşətli kütlə» sayıldığını, sərhədlərin təhlükəsizliyi təmin olunandan sonra onların işinə baxacağını bildirib.

D.Tramp Ali Məhkəmənin eynicinslilərin nikahını qanuniləşdirən qərarıyla razı olduğunu söyləyib, həmçinin Obamanın tibbi sığorta haqda qanununun populyar aspektlərini təsdiqləyib.

D.Tramp seçkidən bir neçə gün öncə demokratların namizədi Hillari Klintonun dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-poçtundan istifadəsiylə bağlı informasiyanı açıqlayan FBI (Federal Təhqiqatlar Bürosu) rəhbəri ilə bağlı da sualı cavablandırıb. Deyib ki, onun haqda, hələ, qərar verməyib, FBI direktorunun açıqlamalarının bəlkə də əsası olub.

«The New York Times» D.Trampın «Twitter» çıxışlarına xüsusi diqqət ayırıb, onun postlarının yenicə prezident seçilmiş adama yaraşmadığını, seçkidən sonrakı qələbə nitqində, eləcə də Obama ilə görüşdə göstərdiyi ciddiliyə uymadığını yazıb. D.Tramp «Twitter»də onun seçilməsinə etiraz edənləri, həmçinin onun haqqında düzgün informasiya yaymamaqda suçladığı «The New York Times» qəzetini ciddi tənqid atəşinə tutub. D.Tramp aksiyalara çıxanların ciddi qüvvələr, media tərəfindən ayağa qaldırıldığını, çox ədalətsiz olduqlarını söyləyib.

YENİLİK

«The New York Times» yazır ki, D.Trampın «twitter»dən istifadə etməsi Ağ Ev tarixində yenilikdir və Trampın prezident kabinetində də onun baxışlarına uyğun gəlməyən mətbuatdansa, sosial mediadan yararlanacağına, mövqeyini amerikalılara sosial media vasitəsilə çatdıracağını göstərir.

Bir saatlıq müsahibəsində D.Tramp sosial mediadan yararlanmasıyla fəxr etdiyini, prezident olanda da bu platformanı tərk etməyə meyllənmədiyini deyib. D.Tramp məhz sosial şəbəkələrdəki izləyicilərinin ona qələbə qazanmağa güc verdiyini bildirib.

D.Tramp seçki kampaniyası zamanı mətbuatda onu «vəhşi» kimi təsvir edənlərin haqlı olmadığını, bəzən xalqı ayağa qaldırmaqdan ötrü onun kimi qaynar çıxışlar etməyə ehtiyac yarandığını deyib. D.Tramp «kiçik monoton xarakterli» biri olmaq istəmədiyini, lazım gələrsə, bundan sonra da eyni taktikaya əl atacağını vurğulayıb.

Azadlıq Radiosu