XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 14:17

Politoloq:"Azərbaycan Rusiyadan “İsgəndər” raketləri istəməlidir"

elxan

Azərbaycan Rusiyadan “İsgəndər” raketləri istəməlidir.

Bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyanın “RİA-Novosti” agentliyinə müsahibəsini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya heç bir məsələdə balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir:

“Sərkisyan bildirib ki, Rusiyanın “İsgəndər” raketlərini Ermənistanda yerləşdirilməsi məcburi addım idi və məqsədi hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını almaq idi. Prinsipcə, onun bu sözlərində yeni heç nə yoxdur, dedikləri doğrudur. Rusiya Azərbaycanın hərbi baxımdan Ermənistandan güclü olmasını istəməyib. Çünki Aprel döyüşləri İrəvanla yanaşı, Moskvanı da qorxutdu. Kremldə hesab etdilər ki, Azərbaycan hərbi yolla işğal altındakı torpaqları geri qaytara bilər. Ona görə də “düyməyə” basdılar. Əvvəlcə Ermənistana “İsgəndər” raketləri göndərdilər, indi isə Ermənistan ordusunu Rusiya Müdafiə Nazirliyinin tabeliyinə keçirməklə birgə hərbi qoşun birlikləri yaradırlar”.

Politoloq bildirib ki, Ermənistanı sürətlə militarisləşdirməsinə baxmayaraq, Rusiya Azərbaycana silah satışını dayandırmır:

“Azərbaycan Rusiyadan 5 milyard dollar civarında silah-sursat alıb. Rəsmi Bakı hansı silahı istəyibsə, Rusiya onu Azərbaycana satıb. Sadəcə, Rusiyanı bir daha sınamaq lazımdır. Rəsmi Bakı Rusiyadan “İsgəndər” raketlərini satmağı xahiş etməlidir. Satmaq istəməsələr, rəsmi Bakı Moskvaya mesaj yollamalıdır ki, eyni tip raketləri başqa ölkələrdən almaq məcburiyyətində qalacaq və milyardlarla dollar gəlir də həmin ölkəyə gedəcək”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan“RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın “İsgəndər” raket komplekslərinin Ermənistanda yerləşdirilməsinin məcburiyyət qarşısında atılmış addım olduğunu açıqlayıb.  (Axar.az)