XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 15:48

Südeyif İmamverdiyev:“"91-lər hərəkatı" çox mühüm missiyanı həyata keçirdi, vətəni xilas etdi"

sudeif

“ “91-lər hərəkatı» çox mühüm missiyanı həyata keçirdi. Bu hərəkata qoşulmuş və sona qədər bu ideyaya sadiq qalan insanlara böyük hörmət bəsləyirəm. Çünki çox fədakarlıq göstərdilər”.

Strateq.az bildirir ki, bu sözləri “91-lərin” tanınmış nümayəndəsi, Milli Məclisin sabiq üzvü Südeyif İmamverdiyev hakim partiyanın saytına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, o dövrdə Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər: “Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət  xilas edə bilər. Amma o zamankı hakimiyyət Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə ona qarşı əsassız mübarizə aparırdılar”.

S.İmamverdiyev bildirib ki, bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər: “Cəmiyyətin öndə gedən bir qrup ziyalısı Heydər Əliyevə müraciət etdilər. «91-lər hərəkatı» kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdü ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilib. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi”.

Daha sonra keçmişə ekskurs edən S. İmamverdiyev qeyd edib ki, 1980-ci illərin sonunda keçmiş SSRİ-nin bir sıra respublikalarında olduğu kimi Azərbaycanda da ictimai-siyasi vəziyyət  gərginləşirdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, soydaşlarımızın doğma yurdların deportasiyası və başqa problemlər xalqın səbrini daşırırdı. Problem onda idi ki, həm SSRİ rəhbərliyi, həm də yerli hakimiyyət belə bir vəziyyətin qarşısını almaq niyyətində deyildilər: “Bildiyiniz kimi SSRİ dağıldı, respublikalar öz müstəqilliyini elan etdilər. Amma buna baxmayaraq həmin problemlər daha da çətinləşirdi.  1990-cı illərin əvvəllərində respublikamızın vəziyyəti çox ağır idi və prosesləri analiz edə bilən insanlar bunu dərk edirdilər. Azərbaycan günbəgün sarsılmaqda idi, ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular, onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi,  vətənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən  başlıcası mənəvi cəhətdən sarsılmışdı.

Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar  mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər.

Sabiq deputat bildirib ki, ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada AXC-Müsavat hakimiyyətə gəldi: “Bu hakimiyyətin faciəsi onda idi ki,  bacarıqlı, peşəkar  insanları da vəzifədən kənarlaşdırırdı”.

Onun sözlərinə görə, bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil.  Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb.