XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2016 - 23:07

Rusiyanın Ermənistanla ittifaqı pisləndi, sosial şəbəkələrlə bağlı yeni qanun dəstəkləndi –BQP-də toplantı

fazil-esas

Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun bu gün növbəti iclası keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, Fazil Mustafanın sədrliyi ilə keçirilən BQP Siyasi Qurulunun iclasında ictimai-siyasi vəziyyət, qərarların icrası haqqında məlumat, partiyadaxili, eləcə də digər məsələlər müzakirə edilib.

Siyasi Qurulda ictimai-siyasi vəziyyət mövzusunda partiya başqanı Fazil Mustafanın ətraflı məruzəsi dinlənilib və qarşıdakı dövrdə partiyanın fəaliyyətinin əsas istiqamətləri barəsində geniş fikir mübadiləsi aparılıb.

Qurum üzvləri tərəfindən ölkə tarixinin əlamətdar hadisəsi- Mili Dirçəliş Gününün təşkilatçıları və iştirakçılarının fəaliyyətləri minnətdarlıqla xatırlanıb və Azərbaycan xalqının Ümumxalq oyanışında və milli birliyin təmin edilməsində xüsusi yeri olan bu şərəfli tarixin rəhbərləri və iştirakçılarından dünyasını dəyişənlərə Allahdan rəhmət dilənib, həyatda olanlara uğurlar arzulanıb.

Siyasi Qurulda həmçinin erməni terrorçuları tərəfindən 1991-ci il noyabrın 20-də Qarakənd üzərində helikopterin vurulması ilə dəhşətli terror aktının törədilməsi nəticəsində həlak olan Azərbaycanın görkəmli dövlət xadimləri, KİV nümayəndələri, beynəlxalq vasitəçilər və şəxsi heyət üzvlərinin də xatirələri sükutla yad edilib, ruhlarına dualar oxunub: ”Ermənistanın terrorla dövlət səviyyəsində məşğul olduğunu sübut edən yaxın tariximizin bu faciəsinin beynəlxalq ictimaiyyətin hələ də diqqətindən kənarda qalması təəssüf doğurur”.

İclasda Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratması Dağlıq Qarabağ münaqişəsinin uzanmasına xidmət edən bir addım kimi qiymətləndirilib: 

"Hazırda Rusiyanın Ermənistanı dünyada analoqu olmayan ballistik raketlər, ağır odsaçan silahlarla təchiz etməsi, Ermənistanın hava hücumundan müdafiə sisteminin bütünlüklə Rusiyaya tabe etdirməsi bir yana qalsın, indi də Rusiya prezidenti tərəfindən Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləməsi ilə iki ölkənin qoşun birləşmələrinin vahid kontingentdə birləşdirilməsi Rusiyanın Cənubi Qafqazda təhdidkar fəaliyyətini davam etdirdiyini göstərir. 

Bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə kimi Rusiyanın faktiki status-kvonun dəyişdirilməsində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində maraqlı olmayan siyasətini davam etdirdiyini göstərir.

Rusiyanın Ermənistana verdiyi hərbi dəstəklə düşmənin xeyrinə dəyişdirilməsinə çalışdığı siyasətin qarşısını almaq üçün rəsmi Bakı Türkiyə başda olmaqla digər dost ölkələlərlə hərbi əməkdaşlığı inkişaf etdirməli və hərbi qüdrətimizi daha da gücləndirməlidir”.

İclasda Azərbaycan Respublikasının Millli Məclisinin plenar iclasında tövsiyə olunan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmənin cinayət məsuliyyəti yaratması və uyğun cəza növü ilə cəzalandırılması müddəalarına dəstək ifadə olunub. 

Qeyd edilib ki, internetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması, texniki imkanları, təhqir etmə və böhtan atma hallarının yeni üsullarının yaranması və şəxslərə qarşı tətbiq edilməsi günümüzün reallığına çevirib:  "Bu Qanun layihəsi internetin, xüsusilə sosial şəbəkələrin imkanlarından istifadə etməklə, qəsdən və ya yalan olduğunu bilə-bilə saxta adlarla şəxslərin təhqir edilməsinin, böhtan atılmasının, bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə edilməsi hallarının qarşısının alınmasına, belə şəxslərin daha məsuliyyətli olmalarına təsir edəcək çəkindirici mahiyyət daşıyan zəruri addımdır”.

Sonda cari məsələlər müzakirə edilib.