XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 14:53

Trampın oğlu oktyabrda Rusiya tərəfdarları ilə görüşüb –“The Wall Street Journal” sənədləri açıqladı

tramp-oqlu

Qərb mətbuatı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın oğlunun görüşlərindən yazır. D.Trampın böyük oğlu kiçik Donald Trampın oktyabrda Parisdə Rusiya tərəfdarlarıyla bir araya gəldiyi bu günlərdə üzə çıxıb.

POTENSİAL ELÇİ

«The Wall Street Journal» yazır ki, yeni prezidentin potensial elçisi hesab edilən kiçik D.Tramp Parisdə diplomatlar, iş adamları və siyasətçilərlə toplantıda Suriya probleminin həllində Rusiyayla əməkdaşlıq məsələsini götür-qoy edib. Qəzetin məlumatına görə, D.Trampın oğlu oktyabrın 11-də Fransada bir elmi araşdırma mərkəzinin tədbirinə qatılıb. Həmin mərkəzin təsisçisi Fabian Baussart və onun xanımı Randa Kassis Rusiyaya yaxın adamlardandır. Özü də əslən Suriyadan olan xanım Kassis bu ölkədəki münaqişənin prezident Bəşər Əsədlə əməkdaşlıq yoluyla həllinə tərəfdar olan qrupun lideridir. (Azadlıq radiosu)

«The Guardian» qəzeti isə suriyalı ekspertlərdən aldığı bilgilərə əsaslanaraq, xanım Kassisin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla yaxın dost olduğunu yazıb, onların qucaqlaşaraq görüşdüyünü göstərən fotonu yayımlayıb.

Ona görə də, gənc D.Trampın Paris səfəri yeni prezident və onun ailə üzvlərinin xarici qüvvələrlə əlaqələri barədə təzə suallar yaradıb.

PRAQMATİK VƏ ÜZÜYOLA

Müsahibələrindən birində Randa Kassis D.Trampın oğluna təsir etməyə, onu Yaxın Şərqdə Rusiyayla əməkdaşlığın vacibliyinə inandırmağa çalışdığını boynuna alıb: Realist olmalıyıq. Hal-hazırda Suriyada olan kimdir? ABŞ deyil, Fransa deyil. Rusiyasız Suriya məsələsini həll edə bilmərik.

D.Trampın oğluna gəlincə, xanım Kassis onun praqmatik və üzüyola olduğunu söyləyib. R.Kassis bu haqda Facebook səhifəsində də yazıb. Əməkdaşlıq ideyasını D.Trampa onun oğlu vasitəsilə göndərdiyini, ABŞ-la Rusiyanın Suriya məsələsində bir araya gələcəyinə ümidli olduğunu deyib.

R.Kassis gənc D.Trampla görüşü haqda Rusiya rəsmilərini, o cümlədən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovu bilgiləndirdiyini söyləyib. Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirməsə də, «Interfax» agentliyi R.Kassisin noyabrın 8-də M.Boqdanovla görüşdüyünü yazır.

KASSIS-LƏ BAĞLILIQ YOXDUR

Yeni seçilmiş prezidentin baş müşaviri Kelyan Convay oğul Trampın Parisdəki tədbirdə iştirakını təsdiqləyib, amma onun xanım Kassis-lə hər hansı bağlılığını danıb. “Don Parisdə dəyirmi masada çıxış edib. O xanım da həmin danışıqlara və 30-nəfərlik nahara qatılıb. Tədbirdə dünyanın müxtəlif yerlərindən nə qədər siyasətçi olub”, – K.Convayin «The Wall Street Journal»a göndərdiyi elektron məktubda belə deyilir.

Yeni seçilmiş ABŞ prezidenti D.Tramp Suriya məsələsində Rusiya prezidenti Vladimir Putinlə əməkdaşlıq arzusunu gizlətmir, Rusiyayla bağlı çıxışlarına görə rəqibi H.Clinton onu hətta Kreml-in Ağ Evə göndərmək istədiyi «marionet» adlandırmışdı.