XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 14:22

Milli Məclisin solçu deputatından qeyri-adi təklif:“Bazarda qiymətlər bir illiyə dondurulsun, ölkədə acından ölən yoxdur”

araz-elizade

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə qiymət tənzimlənməsi ilə bağlı qeyri-adi təklif irəli sürüb.

Strateq.az bildirir ki, deputat Azadlıq radiosuna müsahibəsində bazar qiymətlərinin dondurulmasını təklif edib: “Mən  müavinətlərin, maaşların artırılmasının tərəfdarıyam. Bütün bu illər boyu cənab prezident ildə bir neçə dəfə müavinətləri, təqaüdləri artırır. Məncə, qeyri-populyar, sosializm dövründən gəlmiş bir yola da əl atmaq olar. Müavinətlər, maaşlar artırılmazdan qabaq bazar qiymətləri bir illiyə dondurulmalıdır. Azərbaycan biznesmenləri, oliqarxları sanki Azərbaycan vətəndaşı deyillər. Onlar biləndə ki, müavinətlər 10 faiz artacaq, bundan 10-15 gün qabaq qaçıb qiymətləri 20 faiz artırırlar. Bununla da, insanların maaşını, müavinətini əvvəlcədən oğurlayırlar. Başa düşürəm ki, bazar iqtisadiyyatı azad bazar tələb edir. Amma mən də çıxış yolunu bunda görürəm”.

Deputatın sözlərinə görə, qazın, elektrikin qiymətinin artması Azərbaycan insanının sosial durumuna mənfi təsir edəcək. A. Əlizadə bu problemin yaranmasında ABŞ-la Rusiyanın bir –biri ilə mübarizəsinin nəticəsi adlandırıb: “ABŞ, Qərbi Avropa süni surətdə Rusiyayla mübarizə aparır. Ona görə də Rusiyanın gəlirlərini azaltmaq istəyirlər. Qurunun oduna yaş da, yəni Azərbaycan da yanır. Azərbaycanın iqtisadiyyatı enerjidaşıyıcılara köklənmişdi. Enerjidaşıyıcıların dünya bazarında qiymətinin düşməsi Azərbaycan əhalisinin həyat səviyyəsinə təsir etməyə bilməzdi. Bu, iqtisadiyyatdır, dəqiq elmdir”.

Deputatın fikrincə, digər neftdən asılı dövlətlərə baxdıqda, Azərbaycanın vəziyyəti yaxşıdır: “Azərbaycanda acından ölənlər yoxdur. Azərbaycanda küçədə dilənənlər ancaq peşəkar dilənçilərdir. Ayrı ölkələrdə başqa mənzərə görürsən. Məsələn, Çexiyada dilənçilərin sayı artıb. Postsovet məkanına baxanda, biz çox yaxşı yaşayırıq”.