XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 18:05

Ramiz Mehdiyev Qarabağdan yazdı:“Üç respublikanın geopolitik risklərə cavab verən yeni təşkilatı yaradılmalı idi”

ramiz-2

“Nə iki ölkə prezidentlərinin görüşü, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində, danışıqların yenilənməsində ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi nümayəndələr iştirak edir. Lakin hələlik heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin yaxın gələcəkdə ədalətli sülh yolu ilə həllinə təminat verə bilməz.

Əslində, müharibə nə cəbhədə (hələ də işğal olunmuş torpaqlar azad edilməyib), nə diplomatiya, nə də media məkanında başa çatmayıb. Kimlərəsə Dağlıq Qarabağla bağlı münaqişə biznes kimi, çirkli biznes və çirkli siyasət yürütmək baxımından sərfəlidir”.

Strateq.az bildirir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı yazdığı “Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan irihəcmli məqaləsində qeyd edib.

Ramiz Medhiyev məqalədə noyabrın 8-də Bakıda Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə keçirilimiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda konfransının nəticələrinə toxunub və tədbirdə erməni QHT fəallarının iştirakını “xalq diplomatiyası” üçün uğurlu mexanizm kimi təqdim edib.

R. Mehdiyev qeyd edib ki, münaqişənin həllinin uzanması şəraitində  situasiyanın kəskinləşməsi, balansın pozulması  gözlənilməz faciəvi nəticələrə səbəb ola bilər: “Ona görə, Azərbaycan və Ermənistanın xalq diplomatiyası da daxil olmaqla ən müxtəlif səviyyələrdə olan nümayəndələri arasında əlaqələrin intensivliyi xüsusi olaraq qiymətləndirilir və sülhün əldə edilməsi üçün mühüm hüquqi müstəvidir”.

PA rəhbəri qeyd edib ki, xalq diplomatiyasının ənənəvi uğurları, həm daxili, həm də dövlətlərarası məsələlərdə qərarların qəbul edilməsinə öz töhfəsini verir: “Bəllidir ki, sivilizasiyanın əsas inkişaf göstəricisi, mühərriki adi insanlar, vəzifə səlahiyyəti, protokol baryeri və peşə şərti ilə yüklənməyən, vətəni üçün yaranan çətinlikdə ona kömək etməyi özünün borcu bilən vətənpərvərlərdir. Onlar mürəkkəb sayılan, peşəkar siyasətçilərin onillərlə baş sındırdığı problemlərin həlli edilməsi üçün bir həlqə rolunu oynayırlar”.

PA rəhbəri vətəndaş cəmiyyətinin fəalı olan bir neçə erməninin Bakıya gəlməsini  “qeyri-adi hadisə” adlandırıb: “Belə demək olar ki, ilk dəfə Ermənistan hakimiyyətindən asılı olmayan erməni qeyri-hökumət təşkilatının nümayəndələri Azərbaycana gəliblər. Bundan belə nəticəyə gəlmək olar ki,  Azərbaycan QHT-lərinin erməni hüquq müdafiəçilərinin nümayəndələri və QHT sektoru ilə təmas qurmaq cəhdləri  Azərbaycanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olan tərəflərinə aktiv sülh danışıqlarının aparılmasına hazır olması barədə bir mesajıdır”.

Ramiz Mehdiyev qeyd edib ki, noyabrın 8-də Bakıda keçirilən konfrans xalq diplomatiyası formatında olan ilk aksiya deyil.  Hələ Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində  Qafqazda 3 respublikanın iştirakı ilə bir ictimai təşkilatın yaradılması ideyası var idi: “Hər bir respublikada tədqiqat və tədris mərkəzi fəaliyyət göstərəcəkdi. Bu mərkəzlərdə demokratiya və münaqişələrin həlli ilə bağlı birgə treninq-seminarlar keçirilməsi nəzərdə tutulurdu.  Bu strukturlar öz aralarında sıx əlaqə saxlayaraq müxtəlif təşkilatların səylərini birləşdirməli, müxtəlif sosial, etnik, dini qrupların nümayəndələrinin iştirakı ilə müxtəlif səviyyələrdə dialoqlar təşkil etməli idi. Belə tədqiqat mərkəzləri bütün mümkün geopolitik risklərə cavab verən yeni tipli təşkilat olmalı idi”.

"Bəs bu təşəbbüs erməni tərəfindən necə qəbul edildi?" – deyə, sual edən R. Mehdiyev daha sonra yazır: "Ermənistan qəti olaraq istənilən sülh layihəsindən imtina etdi. Çünki onun rəhbərləri birmənalı şəkildə qarşılarına Azərbaycan torpaqlarının anneksiyasını məqsəd qoymuşdular”.

R. Mehdiyev daha sonra yazır ki, kütlənin kollektiv şüurunu, bu və ya digər ictimai-siyasi proses və təzahürlərin simvolik qəbulunu  tam əksinə dəyşmək üçün uzun illər tələb olunur: “Erməni dairələrinin və onlara züy tutan bəzi siyasətçi və politoloqların qərəzinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bəri müxtəlif səviyyəli  Ermənistan və Azərbaycan nümayəndələrinin  xalq diplomatiyası formatında olan görüşləri az olmayıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin və Slavyan Universitetinin rektoru Kamal Abdullayevin 2007-ci ildə Dağlıq Qarabağa olan səfərini xatırlayaq. Onların bölgə ictimaiyyəti ilə görüşləri və söhbətləri, az da olsa, iki xalq arasında bir körpü oldu”.

Akademik məqaləsində yazır ki, Azərbaycanın tərkibində olmaqla Dağlıq Qarabağ problemini, onun inkişafı üçün müxtəlif modelləri müəyyənləşdirən  Azərbaycan və erməni alimlərinin birgə tədqiqatları da məlumdur: “Vaxtaşırı Armen Cigərxanyan kimi tanınmış şəxslər, həmçinin Azərbaycanda doğulmuş, Rusiyada və onun hüdudlarından kənarda məşhur olan müsiqiçi, estrada artistləri, şairlər – Yevgeni Petrosyan, Karen Avanesyan, Marat Melik-Paşayan və çoxlu digər adamlar Bakı və Azərbaycan haqqında isti sözlər səsləndirirlər”.

Daha sonra akdemik yazır: “İlk “erməni-azərbaycanlı” xalq diplomatlarından olan, Dağlıq Qarabağda doğulmuş, özünü sümüyü və iliyinə qədər bakılı  sayan Robert Arakelovun cəsur fəaliyyətini xatırlayaq. 1980-ci illərdə sevimli şəhərini tərk edib Yerevanda yaşamağa cəhd etdi, ordan da Xankəndinə gəlmişdi. Amma sonda o, Bakıya qayıtdı. Heç nədən qorxmayaraq özünün məşhur tarixi əsəri olan “Dağlıq Qarabağ: Faciənin günahkarları məlumdur” və “Qarabağ dəftərini” yazdı”.

R. Mehdiyev qeyd edir ki, obeyktiv sülh gec-tez gəlməlidir: “İstənilən müharibə gec-tez sülhlə bitir. Deməli, gələcəkdə başqa bir məsələnin həllinə nail olmaq qalır: Dağlıq Qarabağın ağır iqtisadi və siyasi situasiyasını, demoqrafik və sosial katakalizmlərini  nəzərə alaraq, vilayəti küllükdən çıxarmaq, imkan daxilində onun keçmiş naliyyətlərini bərpa etmək, bu qədim Azərbaycan torpağında hamıya birgə sülh və razılıq içində yaşamaq hüququ vermək…”.

X.SƏFƏROĞLU

Strateq.az