XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 11:38

Ruslar SSRİ-nin dağılmasına görə təəssüflənir, amma bərpasını istəmirlər –Sorğu nəticələri açıqlandı

ssri sorqu

Rusiyada keçirilmiş sorğunun nəticələrinə görə, rusların 56%- i Sovet İttifaqının çökməsinə təəsüflənir, 51%-nin fikrincə, ölkənin  süqutunun qarşısını almaq olarmış.

Strateq.az bildirir ki, bu barədə Rusiyanın nufuzlu  “Levada” müstəqil sorğu mərkəzininin açıqladığı məlumada qeyd olunub. Respondentlərin cəmi 29%-i Sovet hökumətinin dağılmasının qaçılmaz proses olduğunu düşünür.

Sorğuda iştirak edənlərin 53%-i deyib ki, Sovet İttifaqının süqutunun ən pis nəticəsi vahid iqtisadi sistemin dağılması olub. Respondentlərin 43%-nin fikrincə, bu hadisə insanları böyük dövlətin vətəndaşı olmaq hissindən məhrum edib. Rəyi soruşulanların 3-də 1-i sonucda «hər yeri öz evi hesab etmək» hissini itirdiyini söyləyib. Respondentlərin 15%-i səyahət etməyin, istirahətə getməyin çətinləşməsindən şikayətlənib.

BƏRPASINI İSTƏYƏNLƏR AZDIR

Respondentlərin 29%-i Sovet İttifaqının dağılmasında Yeltsin, Kravçuk və Şuşkeviçin imzaladığı Belovejsk sazişini, 23%-i SSRİ-yə düşmən xarici qüvvələri günahlandırır.

Maraqlıdır ki, sorğuya qatılanların çoxu Sovet İttifaqının dağılmasına təəssüflənsə də, onun yenidən bərpasını arzu edənlərin sayı azdır. Respondentlərin cəmi 12%-i əvvəlki ittifaqın bərpası arzusunu dilə gətirib. Rəyi soruşulanların 4-də 1-i isə yalnız bəzi respublikaların Rusiya ilə,  həm də daha sıx şəkildə birləşməsinə tərəfdar olduğunu deyib. 21% bütün keçmiş Sovet respublikalarının Avropa Birliyindəki kimi birləşməsinin daha yaxşı ola biləcəyini söyləyib. Sorğuda iştirak edənlərin 13%-i bütün respublikaların müstəqilliyinə tərəf çıxıb.

Ukraynaya gəlincə, qurum Rusiya əhalisi arasında bu məsələyə marağın azaldığını müşahidə edib. «Levada» sorğu mərkəzinin araşdırmaları nəticəsində bəlli olub ki, rusların, az qala, yarısı – 44%-i Ukraynada baş verənlərlə bir o qədər maraqlanmır, 26%-ni isə Ukrayna heç maraqlandırmır.

UKRAYNAYLA ÇOX DA MARAQLANAN YOXDUR

Respondentlərin 63%-i düşünür ki, Ukraynanın müstəqilliyi, Kiyevlə Moskvanın münasibətlərinin yaxşılaşması Rusiyaya daha çox xeyir verə bilər. Digər tərəfdən, sorğuya qatılan rusların 64%-i Ukraynanın Krım vilayətinin Rusiyaya ilhaqının ölkəyə xeyir gətirdiyini söyləyib. Əvvəl belə düşünənlərin sayı nisbətən az (2015-ci ildə 59%) idi.

Sovet İttifaqının mövcudluğuna 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus liderlərinin Belovej bağladığı sazişlə son qoyulub. Saziş eyni zamanda Müstəqil Dövlətlər Birliyinin yaranmasını nəzərdə tuturdu. Azərbaycan ittifaqdan ayrıldığını və müstəqilliyini bundan iki ay öncə, oktyabrın 18-də elan edib.

«Levada» mərkəzi sorğunu həm kəndlərdə, həm də şəhərlərdə apardığını, yaşı 18-i keçmiş 1600 Rusiya vətəndaşına şəxsən sual verildiyini yazıb.