XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 19:40

“Hökumət təcili antiböhran proqramını elan etməlidir” –ADP-dən yeni tələblər

adp

Bu gün Azərbaycan Demokrat Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. 

Partiyadan Strateq.az-a verilən məlumata görə, iclasda ötən həftə ərzində ölkədə və dünyada gedən bir sıra ictimai-siyasi hadisələr ətrafında fikir mübadiləsi aparılıb və partiyanın bu məsələlərə mövqeyi müəyyənləşdirilib.

İlk növbədə Tarif Şurasının son qərarına və hakimiyyət mənsublarının bu məsələdə nümayiş etdirdikləri saymazyana və ölçüsüz açıqlamalarına münasibət bildirən İdarə Heyəti qiymət artımı haqqında qərarın tam yanlış olduğunu bir daha qeyd edib, iqtidar təbliğatçılarının bu qərarı guya əsaslandırmağa çalışarkən xalqın heysiyyəti ilə oynamalarını isə qətiyyətlə pisləyib. 

İclasda qeyd edilib ki, bahalaşma qərarı dərhal ləğv edilməlidir və hökumət təcili antiböhran proqramını elan etməli, korrupsiya tutumlu bütün maliyyə xərcləmələrindən imtina edərək, qənaətcil hökumət xərcləri siyasətinə keçməli və xalqın əksər hissəsini təşkil edən aztəminatlı ailələrin müdafiəsini möhkəmləndirməlidir.

Bakıda bir terrorçunun zərərsizləşdirilərkən öldürülməsi ilə əlaqədar yayılan məlumatdan narahatlığını ifadə edən partiya yetkililəri, bu hadisənin ölkədə ciddi şəkildə kök atmış radikal terror qruplarının mövcudluğu haqqında söylənilənlərin həqiqət olmasını təsdiq etdiyini bildirib. Həmçinin qeyd edilib ki, mövcud vəziyyətin əsas səbəbi ölkədə demokratik institutların boğulması, demokratik siyasi qüvvələrin sıxışdırılması və xalqın demokratik maariflənməsinin qarşısının hakimiyyət tərəfindən amansızlıqla alınmasıdır.

İdarə Heyəti Azərbaycan əleyhinə çıxışlarına görə məşhur olan, özlərini xalqımızın düşmənləri kimi aparan Rusya musiqiçiləri – S.Pavliaşvili və F.Kirkorovun Bakıda konsertlərinin təşkil edilməsini və planlaşdırılmasını Vətənə xəyanət aksiyası kimi dəyərləndirib. İclasda qeyd edilib ki, Pavliaşvilinin konsertində hakim siyasi elitanın nümayəndələrinin iştirakı, ümumiyyətlə hakimiyyətin bu tədbirlərə münasibəti onu sübut edir ki, hazırkı iqtidarda Azərbaycanlıdan daha çox Rus və erməni kimi düşünən, düşmən zehniyyətinə sahib insanlar mövcuddur və bunlar ictimai qınağa tuş edilməli, cəmiyyətin layiqli nifrətini hiss etməlidirlər. 

İdarə Heyəti üzvləri son vaxtlar iqtidar mətbuatında Rusiya ilə Azərbaycanın əbədi və tarixi dostluğu haqqında keçmişdən qalan uydurma nağılların yenidən dərc edilməsindən təəssüf etdiklərini qeyd edərək, bu ölkənin həmişə bizə qarşı düşmənçilik və işğal siyasəti yeritdiyini, heç zaman dost kimi davranmadığını bildirib. Eyni zamanda qeyd edilib ki, bu cür təbliğat xalqımızın sayıqlığını azaltmağa və tarixi həqiqətlərdən uzaqlaşdırmaqla yeni təslimçilik siyasətinə zəmin hazırlamaq məqsədi daşıyır.