XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Dekabr 2016 - 12:00

Açıq Hökumət Tərəfdaşlığı Azərbaycana nələr vəd edir? –Ekspertdən açıqlama

samir-sammit

Dekabrın 7-9 tarixlərində Parisdə Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership) beynəlxalq təşəbbüsünün 4-cü Qlobal Sammiti keçirilib. 

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat verib.

Onun sözlərinə görə, tədbirə təxminən 70 ölkəsinin 3000-ə qədər dövlət və vətəndaş cəmiyyəti nümayəndələri qatılmışdı. Samittə bir sıra ölkələrin, o cümlədən Fransa, Estoniya, Gürcüstan prezidentləri qatılıb. 

Sammitin yekunu olaraq Paris Bəyannaməsi imzalanıb:

"Sammitdən əvvəl, dekabrın 6-da Macarıstan hökumətinin AHT təşəbbüsünü tərk etməsi qərarı gözlənilməz olsa da təəccüblü olmadı. Çünki Macarıstan vətəndaş cəmiyyətinin fəaliyyətinin getdikcə məhdudlaşdırılması tendensiyası bir sıra yerli ictimai təşkilatı AHT-nin Rəhbər Komitəsinə müraciət ünvanlamağa vadar etmişdi. Elə buna görə də ölkə 2015-ci ildən başlayaraq öhdəlikləri yerinə yetirməsi üçün müşahidə altında idi. Macarıstan təbii ki yaxşı olmayan presеdent yaratdı və digərləri üçün pis siqnal ötürdü. Onsuz da hökumətlər bir sıra hallarda açıq hökumət təşəbbüsündə mövqelərini qorumaq üçün götürdükləri öhdəlikləri könülsüz icra edirlər. Indiki həssas məqamda bu addım xüsusilə statusu aşağı salınaraq qeyri-aktiv (inactive) edilmiş və indi onu bərpa etmək niyyətində olan Azərbaycan və Türkiyə hökumətlərinə əlavə bəhanə verə bilər".

Samir Əliyevin sözlərinə görə, xoşbəxtlikdən Macarıstan nümunəsi Paris Sammitinə kölgə sala bilməyib:

"Samitdə təşəbbüsə daha 5 ölkə – Almaniya, Lüksemburq, Pakistan, Yamayka, Burkina Faso qoşuldu və bununla da AHT-yə qoşulan dövlətlərin sayı Macarıstan istisna olmaqla 74-ə çatdı. Halbuki AHT 2011-ci ildə cəmi 8 üzv ölkə tərəfindən yaradılmışdı. Təşəbbüsə digər ölkələr də qoşulmaq niyyətini bəyan ediblər. Portuqaliya və Əfqanıstan qoşulmaq istədiyini elan edib və həmin ölkələr qoşulmaq üçün AHT-nin tələb olunan meyarlarına uyğun gəlirlər. Digər ölkələr – Mərakeş, Haiti, Mağadaskar, Seneqal və Qvineya Respublikasının isə AHT-yə üzvlüyü meyarlara uyğun gəlməsə də həmin ölkələrin hökumətləri tezliklə çatışmazlıqları aradan qaldıracaqlaına söz veriblər".

Samir Əliyev bildirib ki, Azərbaycana verilmiş bir il sınaq müddəti gələn ilin mayında bitir və həmin müddətə qədər qiymətləndirmə aparılacaq:

"Xatırladım ki, bu ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsinin Keyp Taun şəhərində keçirilən iclasında Azərbaycanın statusu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endiriləndə əsas səbəbi kimi ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər göstərilmişdi. Ona görə də statusun bərpası vətəndaş cəmiyyətinin durumundan asılı olacaq. Elə bu məqsədlə gələn ilin yanvar-fevral aylarında AHT-nin Rəhbər Komitəsinin bir qrup nümayəndəsi Bakıya səfər edərək hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirəcəklər, vəziyyəti qiymətləndirəcəklər.

AHT-nin Katibliyinin dəvəti ilə vətəndaş cəmiyyəti təmsilçisi olaraq Paris Sammitinə qatılmaq imkanı qazandım. İstər Sammit zamanı, istərsə də ayrı-ayrı görüşlərdə AHT-nin Rəhbər və digər Komitələrinin nümayənlələrinə Azərbaycanın bu təşəbbüsdə qalmasının vətəndaş cəmiyyətinin mənafeyi baxımından vacib olduğu bildirdik. 

Çünki vətəndaş cəmiyyətinin təmsiliçisi olaraq Azərbaycanın AHT platformasında qalmasını imkan kimi dəyərləndiririk və belə təşəbbüslərin ölkəmizə, vətəndaşlarımıza ancaq fayda verəcəyi qənaətindəyik. 

Əlbəttə, Azərbaycanın təşəbbüsdə mövqeyinin pisləşməsinin səbəbkarı hökumət olduğu kimi, onun statusunun yaxşılaşmasının da məsuliyyəti hökumətin üzərinə düşür. Hazırda beynəlxalq təşəbbüslərdə, o cümlədən AHT platformasında Azərbaycana qarşı formalaşan neqativ mövqelərin səbəbini ilk növbədə, özümüzdə axtarmalıyıq. Bunun üçün ən azı vətəndaş cəmiyyətinin əvvəlki fəaliyyəti təmin edilməlidir, layihələrin qeydiyyat sisteminə tətbiq edilən məhdudlaşdırıcı addımlar aradan qaldırılmalıdır. 

Bir sözlə, ölkəmizin, idarəetməmizin bu təşəbbüsə uyğun olduğunu sübut etməliyik. Paris Sammitində baş verən hadisə ilə üzləşəndə, yəni AHT-yə üzv ölkələri arasında Azərbaycan və Türkiyə bayraqları tapmayanda bunu bizə qarşı ayrı-seçkilik yox, özümüzün bu təşəbbüsdə qeyri-aktiv olmamağımızda axtarmalıyıq".