XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 14:43

“Platformaya mane ola bilməyəcəklər” –ATƏT PA-nın vitse-prezidentindən çağırış

azay-quliyev-2

"Ermənistan-Azərbaycan Sülh Platforması ilə bağlı ictimaiyyəti, Milli Məclisi məlumatlandırmağa, deputatları bu prosesə qoşmağa ehtiyac var”.

Strateq.az  xəbər verir ki, bunu  ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev deyib. 

O bildirib ki, təmas xəttində aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status-kvonu dəyişdi: 

"Aprel hadisələrinin təkrarlanmasından ehtiyatlanan erməni ictimaiyyətinin nümayəndələri azərbaycanlı həmkarlarına müraciət edərək münaqişənin həlli yollarını birgə araşdırmağı təklif etdilər və münaqişənin tarixində ilk dəfə olaraq 8 noyabrda Ermənistandan olan 3 nəfər hüquq müdafiəçisi və QHT rəhbərinin iştirakı ilə Bakıda konfrans keçirildi. Konfrans iştirakçıları Ermənistan və Azərbaycan prezidentlərinə, xalqlarına müraciət qəbul etdilər. Ermənistandan olan hüquq müdafiəçiləri və QHT rəhbərləri özlərində güc tapıb Ermənistanın işğalçılıq siyasətini və bu siyasəti davam etdirən Sarkisyan rejimini ifşa etdilər. Sonra konfrans iştirakçıları fəaliyyətlərini institutlaşdırmaq və vahid bir təşkilatda birləşərək sülhyaratma missiyasını davam etdirmək məqsədilə 7 dekabrda Ermənistan-Azərbaycan Sülh Platformasını yaratdılar”.

A. Quliyevin sözlərinə görə, Sülh Platforması münaqişənin həlli yollarını və Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq çərçivəsini müəyyən edib: 

"Erməni və Azərbaycan hüquq müdafiəçiləri və QHT rəhbərləri işğalın davam etməsinin perspektivsizliyini və bölgə üçün ciddi təhlükə mənbəyi olduğunu dərk edərək münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan prezidentlərinə müraciət ünvanlayıblar. 

Müraciətdə uzunmüddətli sülhün və barışın təminatı kimi Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz azad edilməsi, bütün məcburi köçkünlərin öz evlərinə qaytarılması, Ermənistan və Azərbaycan arasında əlaqələrin bərpası, Dağlıq Qarabağın hüquqi statusunun Azərbaycanın tərkibində müəyyənləşdirilməsi və orada yaşayan ermənilərin və geri dönəcək azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi qeyd olunub. Ermənistandan 3 QHT nümayəndəsi və hüquq müdafiəçisi, Azərbaycandan isə 3 QHT platformanın təsisçiləridir”.

A. Quliyev qeyd edib ki, platformaya qoşulmaq istəyənlərin sayı gündən-günə artır: 

"Münaqişənin davam etməsində maraqlı olan Sarkisyan rejimi yaxşı anlayır ki, bölgədə sülhün əldə olunması onların sonu ilə nəticələnə bilər. Ona görə də istənilən real sülh təşəbbüsünə qəti etiraz edirlər və bu prosesə qoşulanları ağır şəkildə cəzalandırmağa başlayıblar.

 Bildiyiniz kimi, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmaq istəyən 2 erməni gəncə və onların yaxınlarına mənəvi, fiziki təhdidlər edilir, onların ailə üzvləri və özləri həbs olunur. 

Erməni publisist, ictimai fəal Lusine Nersisyanın Xankəndində Ermənistan təhLükəsizlik orqanları tərəfindən həbs olunmasını, eləcə də digər erməni fəal Armen Virabyanın anasının və yaxınlarının işdən azad edilərək, təhqir və fiziki təzyiqlərə məruz qalmalarını misal kimi göstərmək olar. Xocalı soyqırımını törətmiş bir adamın, Serj Sarkisyanın sülh çağırışlarına belə reaksiyası məni təəccübləndirmir. Onun sülh çağırışı edən gənclərə belə aqressiv münasibəti ilk növbədə erməni xalqını, sonra isə beynəlxalq təşkilatları narahat etməli və onun bu əməlinə adekvat qiymət verilməlidir.

 Əminəm ki, bütün bu basqılar istər Dağlıq Qarabağdan, istərsə də Ermənistandan Sülh Platformasına dəstək verənlərin qarşısını ala bilməyəcək. Artıq bir çox ölkələrin tanınmış siyasətçisi, mətbuat orqanları və ictimai xadimləri Sülh Platforması prosesinə dəstək verməyə başlayıb. Yaxın zamanlarda daha böyük dəstəyin hamımız şahidi olacağıq”.

A. Quliyev Avropa İttifaqının Bakı ofisinin rəhbəri, səfir Malena Marda platformaya verdiyi dəstəyə və Lusine Nersisyanın Xankəndində qanunsuz həbsini pislədiyinə görə təşəkkür edib: "Hesab edirəm ki, digər beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri də bu prosesə münasibət bildirməlidirlər”.