XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2016 - 12:29

İran Yerevana nə vəd edib? –Tehran Türkmənistan qazını Ermənistana ötürəcək

ruhani-serj

İran prezidenti Hassan Ruhani dünən – dekabrın 21-də Ermənistana səfər edib. O, Yerevanda erməni həmkarı Serj Sərkisyan və baş nazir Karen Karapetyanla görüşüb, Ermənistan-İran biznes forumuna qatılıb.

Azadlıq Radiosunun erməni xidmətinin yaydığı məlumata görə, prezidentlərin görüşündə regional təhlükəsizlik, xüsusilə Qarabağ məsələsi müzakirə olunub. İran prezidenti tərəfləri münaqişəni sülh yoluyla həll etməyə çağırıb.

SÜLH MARAĞI

“Azərbaycanla Ermənistan bizim tərəfdaşlarımızdır və biz Qarabağda sülhə danışıqlarla nail olmağın mümkünlüyünə inanırıq. Bütün region ölkələri belə sülhün marağındadır. Münaqişənin hərbi yolu yoxdur”-deyə  H.Ruhani mətbuatla görüşündə belə deyib.

Ermənistan prezidenti S.Sərkisyan Tehranın Qarabağ məsələsində “tarazlı” mövqe tutmasını yüksək qiymətləndirdiklərini söyləyib, Yerevanın da Qarabağ münaqişəsinin sülhlə həllinə tərəfdar olduğunu deyib.

İran və Ermənistan prezidentləri ticarət, energetika, nəqliyyat, təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayaraq, bir neçə sənədə imza atıblar.

Qərb mətbuatı prezidentlərin nəqliyyat marşrutlarını genişləndirmək, təhlükəsizlik sahəsində əməkdaşlıq təşəbbüslərini vurğulayır.

QAZ İXRACI ARTIRILACAQ

«The Washington Post» qəzeti yazır ki, H.Ruhani Ermənistanla İranın nəqliyyat marşrutlarının genişlənməsi üzərində işləməli, Fars körfəzindən Qara dənizə gedən nəqliyyat dəhlizini inkişaf etdirməli olduğunu söyləyib.

Qəzet Ermənistanın Türkiyənin yaratdığı iqtisadi blokadadan əziyyət çəkdiyini, Türkiyənin Qarabağ münaqişəsində Azərbaycanın tərəfində dayandığını qeyd edir. Qəzetin yazdığına görə, H.Ruhani İranla Ermənistanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməsinin hər iki ölkədən ötrü vacibliyini vurğulayıb.

Bundan başqa, İran prezidenti ölkəsinin Ermənistana qaz ixracını artıracağını vəd edib. Hazırda Ermənistan Rusiyadan ildə 2 milyard, İrandan 500 milyon kubmetr qaz alır. İran qazı Ermənistana 2008-ci ildə inşa edilmiş kəmərlə ötürülür. Keçən ay İran və Ermənistan rəsmiləri qaz ixracını artırmaq barədə danışıqlara başlayıblar.

AZAD TİCARƏT ZONASI YARADILACAQ

Üstəlik, İran liderinin dediyinə görə, onun ölkəsi Türkmənistan qazının Ermənistana ötürülməsində tranzit rolunu oynayacaq.

Ermənistan İran qazının əvəzini bu ölkəyə elektrik enerjisi ötürməklə ödəyir. Bu mübadilənin gələcəkdə əhəmiyyətli dərəcədə genişləndirilməsi planlanır. İranla Ermənistanın enerji şəbəkələrini bağlayan 3-cü xəttin inşası 2019-cu ildə başa çatmalıdır.

Prezidentlərin görüşündə Araz Azad Ticarət Zonasından da danışılıb. İmzalanan sənədlərdən biri sərhəd bölgələrdən ümumi istifadəni nəzərdə tutur. Ermənistan rəsmilərinin dediyinə görə, vergidən azad ərazilərdə iranlı sahibkarların istehsal müəssisələri yaratmasına icazə veriləcək.

“Biz Ermənistan Respublikasını dost ölkə bilirik, ikitərəfli münasibətlərimizi daha da istiləşdirmək və yaxınlaşmaq istəyirik. Ölkələrimiz eyni mədəniyyətə aiddir, xalqlarımız həmişə mehriban və dost olublar”-deyə, H.Ruhani Yerevanda belə deyib.