"Artiq bir aydan da çoxdur ki, banklar dollar satışını dayandırıblar. Görəsən bu qərarı qəbul edən məmurlar anlayırlarmı ki, onların bu addımı hansı fəsadlar yaradır?”
Strateq.az bildirir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov ölkədə müşahidə olunan dollar qıtlığı ilə bağlı sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, minlərlə insan xaricdə oxuyan övladının təhsil haqqını ödəmək, xaricdə müalicə olunmaq məqsədilə milli valyuta əllərində dollar axtarışındadırlar: “Onlar son nəticədə bu dolları tapırlar – ancaq haradan və hansı qiymətə? Bir tərəfdən qara bazara qarşı mübarizə aparırıq deyib, digər tərəfdən insanları bu şəkildə ora yönəltməklə biz nəyə nail oluruq görəsən? Qara bazarı bu qədər eybəcər bir formada yaşatmaq kimə lazımdır? Xarici valyutanın satışını dayandıran məmurlar yəqin ki, hər kəsdən daha yaxşı anlayırlar ki, bu eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacaq. Bu adamlar kimə xidmət edirlər? Mən bir onu başa düşürəm ki, onlar Prezidentə deyil, öz maraqlarına xidmət edirlər. Bu əməllərin adı sadədir – bu təxribatdır".