XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2017 - 15:09

Politoloq:“Terrorçular İstanbulu ürəyindən vurdular”

elxan-1

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyədə baş verən terror aktı ilə bağlı fikirlərini bölüşüb.

Strateq.az politoloqun İstanbulda 39 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı şərhini təqdim edir:

“Terrorçular yenə İstanbulu ürəyindən vurdular. Terrorçuların hücum etdiyi "Reina" İstanbulun ən məşhur və bahalı gecə klubudur. Terrorçular biliblər ki, yeni il gecəsinə bu kluba imkanlı insanlar, o cümlədən xarici vətəndaşlar toplaşacaqlar. Ən maraqlısı odur ki, gecə klubunun rəhbəri hələ bir həftə öncə gecə klubuna hücumla bağlı Amerika kəşfiyyatından xəbərdarlıq aldıqlarını bildirib. Buna rəğmən, terrorun qarşısını almaq mümkün olmayıb. Necə olur ki, terrorçuların planından Amerika kəşfiyyatı Türkiyə kəşfiyyatından daha əvvəl xəbər tutur? Demək, Milli İstihbarat Təşkilatı 15 iyuldan sonra hələ özünə gəlməyib. Bu böyüklükdə qurum orduda çevrilişi görmədisə, az qala generalların üçdə birinin Gülənə işlədiyini müəyyənləşdirmədisə gecə klubuna hücumu necə proqnozlaşdıra bilərdi? Mən indiyənə qədər anlamıram ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bu qədər səhvdən sonra MİT rəhbəri Hakan Fidanı niyə başqasıyla dəyişmir?

İstanbuldakı olaya görə polisi günahlandırmaq çətindir. Polis İstanbuldakı minlərlə gecə klubundan, ticarət mərkəzindan, restorandan hansı birini qorusun? Türkiyə hakimiyyəti 3 milyon suriyalıya qapılarını açmasını humanitar amillə izah etdi, hətta onlara Türkiyə pasportu verə biləcəyini də açıqladı. Ancaq bu 3 milyonun içində nə qədər terrorçu var – bunu heç kim bilmir. Ən böyük problem də elə bundadır. Üstəgəl, Türkiyə vətəndaşları içində İŞİD-ə rəğbət bəsləyənlərin sayı nə qədərdir? Bu da məlum deyil”.