“İrəvan hər şeyə göz yummağa hazır deyil”
Kürəsəlləşmə və bölgəsəl araşdırmalar Mərkəzinin rəhbəri Stepan Qriqoryan (İrəvan) hesab edir ki, Rusiya silahının Azərbaycana satışı Bakını cəsarətli edir.
Strateq.az Ermənistan mətbuatına isnadən bildirir ki, ekspert deyib: “Rusiyanın müxtəlif qənaətlər üzündən Azərbaycana silah satması barədə Ermənistan prezdentinin bəyanatı və narahatlığı vacib və yerində idi. Strateji tərəfdaşımız Rusiyanın Azərbaycana xeyli miqdarda silah satması qəribədir. Başlıca problem silah satışında deyil, burada psixoloji amil yer alır. Azərbaycanın Pakistan, İsrail, Türkiyə kimi strateji müttəfiqləri Ermənistana silah satmağa başlasa, Bakının nə qədər rahatsız olacağını təsəvvür edin. Müttəfiqin düşmənə silah satması faktı digər tərəfdaşa psixoloji təzyiq göstərir”.
Politoloqun fikrincə, Güney Qafqazda ancaq Ermənistanda yeganə hərbi bazaya malik olan Rusiya kimi ölkənin Azərbaycana silah satması, Moskvanın belə mövqeyi Emənistanın milli təhlükəsiziyini zəiflədir: “Sərkisyanın mesajı birinci növbədə Kremlə ünvanlanıb ki, İrəvan, həqiqətən də, narahatdır və hər şeyə göz yummağa hazır deyil. Qoy indi Rusiya öz hərəkəti üzərində düşünsün”.