XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2015 - 05:25

AXCP funksioneri yazdı: “İddia qoydum, satqın deyirlər”

AXCP rəyasət heyətinin üzvü Sahib Kərimli sosial şəbəkədəki səhifəsində öz siyasi ömür yolu və partiyası ilə bağlı düşüncələrini paylaşıb. AXCP funksionerinin statusunu təqdim edirik:

“Əvvəlcə bir xatirəmi yazmaq istəyirəm. 2000-ci il idi, cəbhəçi gənclərin fəallarından idim. Klassiklər (KXCP) AXCP-dən ayrılanda Şəki şöbəsi bütövlükdə partiyanı tərk elədi. O zaman Əli bəy məni yanına çağırıb, Şəkidə təşkilat yaratmağı tapşırdı. Şəkidə çox güclü Müsavat partiyası vardı, Bozqurdlar da Şəkidə yaxşı təşkilatlanmışdılar. ümumiyyətlə o illərdə Şəkidə güclü siyasi təşkilatlanma və vətəndaş cəmiyyəti vardı. Təsadüfi deyildi ki, 2000-ci il Şəki üsyanı seçki saxtakarlığı və sosial tələblərlə başladı. Mən 26 yaşında və xeyli müddət idi ki, Şəkidə yaşamırdım deyə, yerli müxalifətçiləri yaxşı tanımırdım. O zaman müxalifətçilərin toplaşdığı çayxana şəhərin mərkəzində, partiyaların qərargahlarına yaxın olan böyük məkan idi. (Bu hadisələr yaşlı nəslin yadındadır, gənclərin bilməsində fayda var). Yaxınlaşdım və masaların birində əyləşdim. Təsəvvür edin ki, qonşu masalarda mənim haqqımda danışılırdı.

Təqribən belə – Kərimov Sahib, hansısa kənddəndir, Əli Kərimovun adamıdır. Dairəyə (o zaman seçki idi və DSK-ya adamı mən təyin etdirmişdim. Və həmin adam müxalifətçi deyildi. AXCP parlamentdə təmsil olunurdu və komissiyalarda yerləri vardı) verdiyi adam da özləri kimi satqın olacaq.

Mən yaxınlaşdım həmin masaya və özümü təqdim etdim. Bundan sonra çox şeylər oldu. Bunun canlı şahidləri var. Təsəvvür edin ki, rayonunuza getmisiz və yüzlərlə fəal adam sənə satqın gözüylə baxır. üzərimə hücumlar da oldu, o zaman Bozqurdların sədri, indiki cəbhəçi dostumuz Əli Abdullayev və Vətəndaş Cəmiyyətinin yerli fəalı, mərhum dostumuz Akif Musayev adamları sakitləşdirdilər. Və biz təmkinlə müzakirəyə başladıq. İlk sual DSK-ya verilən adamla bağlı oldu. Mən onun vicdanla işini görəcəyini dedim və AXCP- nin Şəki rayonu ərazisindəki 3 dairənin məntəqələrindəki bütün yerləri Müsavat partiyasına verdim. Beləcə yaxınlaşma başladı, yerli müxalifətçilərin Əli bəylə, AXCP ilə bağlı fikirlərində ciddi dönüş etdim. Kütləvi surətdə mənə satqın deyən bu insanların indi çoxu ilə yaxın dostluq münasibətlərimiz var. Partiyanın yerli qərargahı KXCP-də idi, heç bir nəfər də qalmamışdı. O zaman Bakıda bizneslə məşğul idim, çap məhsullarının alışı-satışı ilə məşğul olurduq. Şəxsi vəsaitimlə, partiyaların ofislərinin yanında, AXCP -yə qərargah kirayə etdik. Təşkilatlanmağa başladıq, bunun üçün bütün xərcləri üzərimə götürdüm.

Qeyd edim ki, o zaman da “hakimiyyətdən pul alıb xərcləyir” deyənlər vardı. Sonra hər kəslə etibarlı dost olmağı bacardıq. Müsavatçılarla da, cəbhəçilərlə də, bozqurdlarla da. İki ilə güclü təşkilat yaratdıq. Müxalifət Şəkinin mərkəzi ilə 28 May yürüşü keçirəndə, partiyalar kolonlarla hərəkət edirdi. AXCP də 3 ən böyük kolondan biri idi. Şəkidə 2000-ci ildəki hadisələrdən sonra ciddi repressiyalar olmuşdu, onlarla siyasi məhbus vardı. Bu məhbusların azadlığa çıxdıqları gün, Şəkidə Əli Kərimlinin əhali ilə görüşünü təşkil etdik. Bir-birinə satqın deyən adamlar, çiyin-çiyinə siyasi fəaliyyət göstərirdi. Yaxşı başarı idi…..

Bu xatirəni niyə xatırladım? Yenə satqın deyirlər mənə. İddia qoydum, AXCP sədrliyi üçün yarışmaq istəyirəm, buna haqqım çatır, altında niyyət axtarılır. Nədən sataraq iddialı olum? Bəlkə inanaraq oluram? özünə güvənərək. Yarışaq, özümüzü təqdim edək, fayda verək. Uduzduqsa əl sıxaq, öyrənək, öyrədək.

Bu ölkədə milli qüvvələr elə bu satqın axtarışındamı qocalacaq? Kimi kimə satırlar? özünə güvənən, sözü olan, iddiası olan nədən azadlığını satsın? Milli olan, ölkəsinə fayda vermək istəyən iddialı adamlar, lider keyfiyyətləri olanlar satılmazlar, satın almazlar, dözümlü olarlar”. (Yeni Musavat.com)