XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 17:38

Azərbaycanda yaşayış minimumu, əsgərimizin meyiti, Kəlbəcərdə SES tikintisi… –BQP-də toplantı

fazil-esas

Bu gün BQP Başqanı Fazil Mustafanın sədrliyi ilə partiya Siyasi Qurulunun növbəti iclası keçirilib.

Partiyadan Strateq.az-a verilən məlumata görə, "Ötən ilin yekunları və partiyanın mərkəzi və yerli təşkilatları qarşısında duran vəzifələr” mövzusunda BQP Başqanı, Millət vəkili Fazil Mustafanın məruzəsinin dinlənilməsi ilə başlanan iclasda bir sıra məsələlər müzakirə edilib.

Partya Başqanı Siyasi Qurulun iclasının əlamətdar günə – yanvarın 14-ü Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini vurğulayaraq, iki qardaş ölkə arasında bütün sahələri əhatə edən və strateji müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

İclas cari ildə partiyanın Bakı şəhəri və ətrafında olan rayon və şəhər təşkilatlarında keçirilməsi nəzərdə tutulan ümumi yığıncaqların qrafikini təsdiq edib.

Siyasi Qurulda qeyd edilib ki, Nazirlər Kabinetinin normativləri əsasında bu il üçün hesablanan yaşayış minimumunu hazırki iqtisadi şərait və büdcənin imkanları ilə bu rəqəmin yüksəldilməsini real etməsə də, dövlət sosial yardımlar sferasını genişləndirməklə əhalinin aztəminatlı insanlara qayğısını artırmalıdır.

İclasda qondarma separatçı qurumun nəzarətində olan Xankəndi şəhərini təmsil edən "Duz-çörəklə” ("С хлебом и солью") və "DeleYaman”KVN komandaları Soçidə keçiriləcək "KiViN-2017” Beynəlxalq festivalına iştirakına dəvət edilmələrinə etiraz edilib:

 "Onların qondarma qurum adından iştirakına şərait yaradılması Azərbaycanın suveren hüquqlarına qarşı hörmətsizlik, təcavüzkar və işğalçı tərəfi isə şirnikləndirmək mahiyyəti daşımaqla separatizmin təbliğinə rəvac verir. Əgər bu komandalar həmin tədbirdə iştirak edirsə, onların Azərbaycanın bir bölgəsinə aid olması vurğulanmalıdır. Əks təqdirdə KVN hərəkatının məqsəd və məramları ilə bir araya sığmayan bu hadisə Azərbaycan və Rusiya arasındakı getdikcə genişlənən strateji əlaqələrə də zərər vurur".

Siyasi Qurulda həmçinin, ermənilərin Azərbaycanın işğal altındakı torpaqlarda infrastruktur layihələri gerçəkləşdirməsinə də kəskin etiraz edilib: 

"Ermənilər Beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq Azərbaycanın işğal altındakı ərazilərində müxtəlif layihələr həyata keçirməkdə davam etməkdədirlər. Onların növbəti belə layihəsi Kəlbəcərin İstisu qəsəbəsində "Cermacur-1" su eletrik stansiyasının tikintisini gerçəkləşdirirlər. Yüksək dağlıq şəraitdə yerləşən stansiya 12,6 MVt eletrik enerjisi istehsal etməsi planlaşdırılır.

KİV-lərdə yayılan məlumatlara görə Qarabağ separatçıları gələcəkdə Laçının Hoçaz çayı üzərində də kiçik su elektrik stansiyası inşa etməyə hazırlaşırlar. Bütün bunlar, eləcə də, əsgərimiz Çingiz Qurbanovun meyitinin indiyədək qaytarılmaması Ermənistanın atəşkəsdən bu günə qədər sui-istifadə etdiyini, öz işğalını gücləndirmək və təxribat xarakterli fəaliyyətlərini davam etdirmək siyasətindən əl çəkmədiyini göstərir. 

Regionun yeni təhlükələrə və hərbi avantüralara sürüklənməməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri, KTMT-nin üzv dövlətləri və beynəlxalq ictimaiyyət Ermənistanın sülh və təhlükəsizliyə ciddi təhdid təşkil edən və münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa yönəlmiş bu təhlükəli və təcavüzkar addımlarından geri çəkilməyə məcbur etməlidirlər".