Britaniyanın məşhur “Harvey Nichols” brendi Bakıda yeddi mərtəbədən ibarət ticarət mərkəzi açıb. Virtualaz.org xəbər verir ki, bu hadisə haqda “The Guardian” yazır.
110 min kvadrat fut sahəyə malik alış-veriş mərkəzi Bakıda yeni tikilən “Globus Plaza”da fəaliyyət göstərəcək. “Harvey Nichols” bundan əvvəl Türkiyə, Honq-Konq, Səudiyyə Ərəbistanı, Küveyt və Dubayda öz alış-veriş mərkəzlərini açıb. Qəzet bu açılışın Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini xatırladır. Bildirilir ki, iyun ayında Bakıda “Donald Trump” oteli və “Mariott” qrupuna daxil olan iki otel də açılacaq. “Harvey Nichols” qrupunun icraçı direktoru Steysi Karturayt bildirib: “Bu bazar tezliklə dünyanın ən dəbdəbəli ticarət mərkəzlərindən birinə çevriləcək və biz Baknın qonaqpərvər və zövqlü müştərilərinə dəbdəbəli alış-veriş imkanları təqdim etməkdən məmnunuq”. “Harvey Nichols” mərkəzində dünyanın məşhur geyim və aksessuar brendlərinin mağazaları, restoranlar, gözəllik salonları fəaliyyət göstərəcək. Dünyanın 500-dən çox brendinin məhsulları bu mərkəzdə satılacaq. “Globus Plaza” ticarət mərkəzini bir vaxtlar adı Beynəlxalq Bankdan 250 milyon dollar kredit alıb geri qaytarmamaqda hallanan və bu işlə bağlı saxlanılan iş adamı Xaqani Bəşirovun şirkəti inşa edib.