"Türklər demişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov nəhayət ağzındakı paklanı çıxartdı. Lavrov demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın".
Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Lavrovun bu gün mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı suala verdiyi cavabı şərh edərkən deyib.
Xatırladaq ki, Lavrov sözügedən suala belə cavab verib: “Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır”.
Bu cavabı əsas tutan Elxan Şahinoğlunun sözlərinə görə, Lavrov demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın:
"Bu cür həll bizə lazım deyil, Lavrovun dedikləri Dağlıq Qarabağın müstəqilliyinə yol açır. Lavrov tam ermənilərin dediyini təkrarlayıb və İrəvanın çox çalışdığı “paket həll” variantını tələffüz edib. Bundan sonra hələ də inananlar var ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa məcbur edəcək…".
Strateq.az