XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 10:27

Sovet ordusunun 1990-cı ildə Lənkəranda törətdiyi qanlı qırğın:Rus cəza dəstələri xalqa necə divan tutub?

lenka esas

1990-cı il yanvarın 20-də Bakıya girib qırğın törədən sovet ordusunun cəza dəstəsi sonrakı günlərdə Azərbaycanın bəzi əyalətlərində da sakit dayanmayıb.

Strateq.az "Azadlıq Radiosu"na istinadən bildirir ki, yanvarın 22-də sovet ordusu Neftçalada 2, yanvarın 26-da isə Lənkəranda 6 nəfəri qətlə yetirib. Həmin hadisələrin şahidlərindən İltifat Rəhimzadə olub keçənlərdən belə xatırlayır:

«AXC-nin LƏNKƏRAN TƏŞKİLATI HAKİMİYYƏTİ ƏLA ALDI»

«Azərbaycan Xalq Cəbhəsinin (AXC) Lənkəran rayon təşkilatı 1990-cı il yanvarın 10-da yerli hakimiyyəti ələ aldı. Sovet hakimiyyətinin strukturları fəaliyyətlərini dayandırdılar. Faktiki olaraq, rayonu AXC rayon təşkilatı idarə edirdi. Bu, Azərbaycanda yeganə hadisə idi. 15 günlük «Lənkəran kommunası» dövründə Müvəqqəti Müdafiə Komitəsi (MMK) yaradıldı. Məqsəd Qarabağda soydaşlarımıza kömək etmək idi. Müdafiə Komitəsində 100-dən çox könüllü var idi».

 

«XƏBƏR ELƏMİŞDİLƏR Kİ, BAKI QIRĞINI BURADA TƏKRAR OLACAQ»

İ.Rəhimzadənin deməsinə görə, Bakıda baş verən qətliam lənkəranlıların mübarizə ruhunu sındıra bilmədi. O qeyd edir ki, 20 Yanvardan sonra da adamlar meydanlardan çəkilmək istəmirdilər, etirazlarını davam etdirirdilər:

“Yanvarın 25-də xəbər aldıq ki, Bakıdan gələn cəza dəstələri şəhərin ərazisində olan sərhəd diviziyasında yerləşiblər. Xəbər eləmişdilər ki, Bakı qırğını burada da təkrar olacaq. Qərara gəldik ki, hərbiçilərlə danışığa gedək. Fəallardan Hüseynqulu Məmmədli, Arif İsmayılbəyli, fəaliyyəti dayandırılmış Lənkəran Şəhər Sovetinin sədri M.Əliyev danışıq apardılar. Hakimiyyətin strukturlarının bərpasına etiraz edilmədi. Eyni zamanda AXC-nin Lənkəran təşkilatının normal fəaliyyət göstərməsinə, təşkilatın orqanı olan «Elin Səsi» qəzetinin çapına heç bir maneə olmayacaqdı. Bizdən silahların təhvil verilməsini və MMK ləğv edilməsini tələb edirdilər. Razılaşmaya əsasən, yanvarın 26-da saat 14-də şərtlər qüvvəyə minməli idi…».

 

iltifat

«HƏRBÇİLƏR DANIŞIĞI POZARAQ QƏRARGAHIMIZI DAĞITDILAR…»

İ.Rəhimzadə deyir ki, sovet ordusuna etibar yox idi. Danışıq olsa da, qırğın olacağını gözləyirdik:

«Buna görə də MMK-nin dəstələri dağa, Haftoni meşəsinə çəkilmişdilər. Yanvarın 26-da saat 10-da, 20 Yanvar qurbanlarının 7-si ilə bağlı matəm mitinqi başladı. Bu vaxt hərbi vertolyotlar başımızın üzərində dövrə vurmağa başladı. Bir nəfər olsun mitinqi tərk etmədi. Mübarizlik var idi, qəzəb var idi. Hərbçilər danışığı pozaraq qərargahımızı dağıtdılar, şair Əli Nasiri həbs etdilər. Haftoni meşəsində atışma nəticəsində 3 nəfər qətlə yetirildi. Yoldan motosikletlə keçən iki nəfəri yandırıb külə döndərdilər…».

 

«TARİYEL ABDULLAYEVİ AVTOMAT QUNDAĞI İLƏ DÖYƏRƏK ÖLDÜRMÜŞDÜLƏR»

O deyir ki, cəza dəstələri azğınlaşmışdı. Görənləri tutur, döyür və həbs edirdilər: «40-a qədər könüllü həbs edildi. Əsrləri vertolyotlara mindirib sərhəd dəstəsinə aparmışdılar. Bunların əksəriyyəti yaralı idi. Belə vəziyyətdə onlara işgəncələr vermişdilər. Əsrləri Bakıya, Bakıdan isə Rusiyanın Ulyanovsk şəhərinə aparmışdılar. Vertolyotda onlara edilən vəhşiliyə etiraz edən Tariyel Abdullayevi avtomat qundağı ilə döyərək öldürmüşdülər. Şahidlərin dediyinə görə, meyiti dənizə atmaq istəyiblər, sonra fikirlərini dəyişiblər. Meyiti Bakı küçələrində atmışdılar. Tariyel Abdullayev Bakıda Şəhidlər Xiyabanında dəfn edilib».

İ.Rəhimzadə deyir ki, Ulyanovsk şəhərinə sürgün edilənlərə olmazın işgəncələr vermişdilər. Onların çoxu evlərinə xəstə vəziyyətdə qayıdıblar. Sürgündən qayıdanları xəstəxanalar götürməyib. Lazımı müalicə ala bilməyənlər qısa müddətdə vəfat edib…

XATIRLATMA

Bakıdan başqa, sovet qoşunları 1990-cı il yanvarın 25-i Neftçala, yanvarın 26-da isə Lənkəranda qətllər törədib. Ümumilikdə bu hadisələr zamanı 137 nəfərin həlak olduğu, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz olaraq həbs edildiyi bildirilir.

Bu günlər baş prokurorun birinci müavini Rüstəm Usubov deyib ki, Azərbaycan bu məsələlərlə bağlı cinayət işinə çox gec – 1992-ci ilin fevralında başlayıb. Odur ki, Gorbachev-u və SSRİ daxili işlər naziri Bakatin-i dindirmək mümkün olmayıb: «Qorbaçov istintaqdan yayındı. 1992-ci ildə 68-cildlik əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan Prokurorluğu 68-cildlik həmin işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa daxil olduqdan sonra ona tam qiymət verib, məhkəməyə göndərmək mümkün olacaq».