XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Yanvar 2017 - 15:08

“Ərəb həmrəyliyi”ndən İrana mesaj:təhdid, yoxsa barışıq? – TƏHLİL

sss

NATO-nun Yaxın Şərqdəki ilk əməliyyat-təlim mərkəzinin açılışında iştirak etdikdən bir gün sonra, yanvarın 25-də Küveytin xarici işlər naziri Şeyx Sabah Xalid əl-Sabah İrana yollandı. Öncədən də elan olundu ki, Şeyx Sabah prezident Həsən Ruhaniyə mühüm bir ismarşı çatdırmalıdır.

İsmarışın məzmunu barədə İran və ərəb mediasında fərqli ehtimallar irəli sürülür.

Birinci ehtimal – Küveyt əmirinin küsülü İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi olmasıdır.

“Şeyx Sabah İran və altı ərəb dövlətlərinin üzv olduğu Körfəz ölkələrinin Əməkdaşlıq Şurası (KƏŞ) arasında kəskin bucaqları hamarlamaq istəyir”. Bu da Küveytin KUNA agentliyinin dolayı yolla irəli sürdüyü ehtimaldır və fərziyyə xarici işlər nazirinin bu sitatı ilə gücləndirilir ki, İran və KƏŞ-in “bir-birinə yanaşmaları BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri əsasında olmalıdır”. Yəni bir növ, rəsmi Tehrana ultimatum veriləcək: “Bizdən mümkün qədər gen dur!”

Əslində, KƏŞ üzvləri xeyli vaxtdır rəsmi Tehranı daxili işlərə müdaxilə və Yaxın Şərqdə öz təsirini artırmaq üçün məzhəbçilikdən istifadədə ittiham edirlər. Lakin İranın da həmin dövlətləri eyni müddəalarla suçlaması üçün əsaslar var. Küveytdə NATO əməliyyat mərkəzinin açılışı da Tehranın əlində yeni, əlavə dəlildir.

2016-cı ilin yanvarından Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsib və bəzi digər Körfəz ölkələri bu neftlə zəngin ərəb səltənəti ilə həmrəylik əlaməti olaraq öz səfirlərini geri çağırıb.

Bəhreyndəki əl-Xəlifə sülaləsi ümumiyyətlə, İrandan çox yanıqlıdır və iddia edir ki, İran “Bəhreyni özünün on dördüncü əyaləti görmək istəyir”. Bu körfəz ölkəsinin xarici işlər naziri İranın bütün Yaxın Şərq ölkələrinə təhdid olduğunu vurğulayıb (Ər-Riyaddan yenicə dönən Sudan prezidenti Ö.Bəşir də eyni sözləri təkrarlayıb). “Bahrain News Agency”nin xəbərinə görə, Xalid bin Əhməd əl-Xəlifə bildirib ki, Ərəb Birliyində İran rejimi əleyhinə daimi komitə fəaliyyət göstərəcək. Üstəlik İran müdaxiləsinin səngimədiyi təqdirdə, xüsusi tədbirlərin həyata keçirilməsinə başlanacaq.

Göründüyü kimi, “tərəfsiz” İranın KƏŞ-ə qarşı daha bir dəlili var.

Səudiyyə Ərəbistanı ilə söz duelləri hələ də davam edir. Hərgah Həsən Ruhani son mətbuat konfransında Səudiyyə Ərəbistanı ilə bağlı suala cavab verərkən, bu ölkənin daxili işlərinə əsla qarışmaq niyyətində olmadığını deyib. Elə Şeyx Sabahla görüşdə də.

Ər-Riyad bu bəyanatı qulaqardına vursa da, barışığa doğru bəzi addımlar atıb. Məsələn, iranlı zəvvarların həcc mərasimində iştirakına yenidən yol açan təklif səslənib. Fevralın 23-də İran nümayəndələri bu şərtləri müzakirə etməkdən ötrü krallığa yollanacaq.

Daha bir jest mərhum Ayətullah Haşimi Rəfsəncaninin ölümü ilə bağlı kral Salman Bin Əbdüləzizin sabiq İran prezidentinin ailəsinə başsağlığı verməsidir. Təsadüfdənmi, ya yox, dünyaya 82 yaşında vida etmiş Rəfsəncaninin sabiq məsləhətçisi Qulaməli Rəcai də Mahmud Əhmədinejad dönəmində Rəfsəncaninin səyləri ilə Səudiyyə Ərəbistanı ilə sülh müqaviləsinin hazırlandığını deyib. Lakin M.Əhmədinejad, yenə də Rəcainin iddiası ilə, bu müqaviləni rədd edib.

Bu açıqlama ər-Riyadın Tehrandan tələb etdiyi yanaşmayla üst-üstə düşür. Yəni “indiki halda dəliqanlığınızı bir az azaltmaq məsləhətdir”.

Yeri gəlmişkən, ərazisində böyük şiə icması olan Küveytin vasitəçi kimi seçimi çox doğrudur (Bundan bir qədər əvvəl İraqın vasitəçilik etməsinə dair xəbərlər dolaşırdı). Küveyt əmiri 2014-cü ildə İrana səfər etməklə 1979-cu il inqilabından bəri bu ölkəyə ayaq basmış ilk Körfəz dövləti başçısı olub.

“Biz regionda tərəfdaşlarıq və çoxlu ümumi maraqlarımız və imkanlarımız var”, – deyə Şeyx Sabah dialoqun hər iki tərəfin xeyrinə olacağını vurğulayıb. Amma…

…Maraqlı olan həm də budur ki, Şeyx Sabahla eyni gündə Səudiyyə Ərəbistanının Körfəz işləri naziri Samir əl-Sübhan Livan prezidenti Mişel Aunla görüşmək üçün Beyruta yola düşüb. Səfərə önəmli bir səbəb yox idi, həm də az əvvəl M.Aunun özü krallıqda ən yüksək səviyyədə görüşlər keçirib. Ola bilsin ki, Samir əl-Sübhan da hansısa ismarışı çatdırmaq məqsədi güdür. Mişel Auna olmasa da, onun prezident seçilməsinə yol açmış və Ərəb Birliyinin terrorçu elan etdiyi “Hizbullah” hərəkatına.

Məzmuna gəlincə, o, İrana verilən mesajla eyni ola bilər. Lakin bu mesajların mahiyyəti nədir?

Geniş “ərəb həmrəyliyi” qurmaqla rəsmi Tehrana təhdid? Yoxsa müvəqqəti barışıq?

Bəzi mətləblər ikinci seçənəyin lehinədir. Əlbəttə, bölgədə, xüsusən İraq, Suriya və Yəməndə sonugörünməz rəqabətə son qoymaq niyyəti güdmədən. Həm də İran əleyhinə ara-sıra təhdid püskürməklə.

Niyə barışıq? Səudiyyə Ərəbistanın xarici işlər naziri “Trampla bağlı nikbin ovqatdayıq” desə də, bu optimizmin dayağı sadəcə yoxdur. Donald Trampın ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürmə qərarının yalnız rəmzi məna daşımaması Ərəb dünyasına aydındır. Vaşinqtondakı yeni administrasiyanın israilpərəst siyasət yürüdəcəyinə şübhə edilə bilməz. Bu mənada təkcə KƏŞ yox, bütün Yaxın Şərq və Məğrib ölkələri həyəcanlarını boğa bilmir.

“Mehdi ordusu”nun sabiq rəhbəri kimi tanınan Müqtəda əs-Sədr artıq indidən bildirib ki, səfirliyin Qüdsə köçürülməsinə yol verdiyi halda, Ərəb Birliyi (ƏB) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) özü-özünü buraxmalıdır. ƏB artıq Trampın qərarını qınayan bəyanat verib. Lakin zəruri anda sözdən əmələ keçid olacaqmı?

ABŞ öz səfirliyinin Qüdsə köçdüyü halda və bunun ardınca İsrailin maraqlarına uyğun digər addımlar atıldıqda (xatırladaq ki, Tel-Əviv BMT Təhlükəsizlik Şurasının yeni məskənlərin inşasını dayandırmaq barədə qadağasına məhəl qoymur və Ağ Evin bu qadağanın ləğvinə nail olmağa çalışması ehtimalı yüksəkdir), sadəcə Ərəb Birliyi siyasi qurum kimi çökməyəcək, həm də bütün Ərəb Dünyasının xəyali həmrəyliyi sarsılacaq və böyük etnik aləm illərin üzüntüsünə qərq olacaq.

Bu azmış kimi, qanuni siyasi liderlərin uğursuzluğu tezalışan, cəsarətli xadimlər üçün meydan açacaq. Yəni Müqtəda əs-Sədri kimi liderlərin ulduzu yenidən parıldaya bilər. “Böyük şeytan”a əzəli rəqib olan İran isə ərəb-İslam dünyasının yeganə təəssübkeşinə çevriləcək – Körfəz ölkələrinin qorxulu röyası.

Trampın məlum gedişləri halında, ərəb və qeyri-ərəb təmsilçiliyi olan İslam Əməkdaşlığı Təşkilatının mövqeyi necə olacaq? Təsəvvürə gətirmək çətindir. İƏT-dəki bir dövlətin fərdi mövqeyi “ərəb həmrəyliyi” ilə üst-üstə düşmür. O cümlədən 2017-ci ili “İslam həmrəyliyi ili” elan etmiş Azərbaycanın, yaxud İsraillə münasibətlərini yenicə istiləşdirməyə başlayan Türkiyənin bu xüsusda hansı addımlar atacağı bilinmir.

Bu haqda uzun düşüncələrə qapılmağa dəyməz. Hər halda, ayrıca söhbətdir və mövzuya qayıdış üçün əlavə səbəb.

 

Əziz Rzazadə

Strateq.az