XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 17:13

Nazarbayev hakimiyyəti bölüşmək qərarını niyə verdi? –Politoloqdan şərh

nazarbayev-44

“Qazaxıstan prezident SSRİ dövründən ölkəsinin lideridir. İndi o, elə bir yaş həddinə çatıb ki, ölkəsinin gələcəyini düşünmək məcburiyyətindədir. Nazarbayev “məndən sonra bu şəxs olacaq” siyasətinə üstünlük vermir, onun varislə bağlı qərarı yoxdur, bəlkə də heç olmayacaq".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin səlahiyyətlərini parlamentlə bölüşmək qərarının bir neçə səbəbi var və bunun da birincisi Nazarbayevin yaşıdır: “Qazaxıstan hakimiyyətində bir-birilə rəqabət aparan ən azı 3 qruplaşma var. Bu qruplaşmalarda Nazarbayevin bir neçə ailə üzvü də iştirak edir. Ancaq Nazarbayev bu qruplaşmalardan heç birinə üstünlük vermir. Çünki hər hansı birinə üstünlük versə, digər qruplaşmalarla daxili çəkişmə başlayacaq ki, bu, hazırda sabitliyini qoruyan Qazaxıstana həm daxildən, həm də xaricdən ciddi təhlükələr yaradacaq”.

E.Şahinoğlu qeyd edib ki, Nazarbayevin Rusiya ilə müttəfiqliyi strateji seçim deyil və Qazaxıstan prezidenti də ölkəsi üçün ən böyük təhlükənin elə qonşusu Rusiyadan gəldiyini bilir:

“Qazaxıstan əhalisinin 40 faizi rusdillidir və bəzən şimal bölgələrində separatçı şüarlar səslənir. Nazarbayev xarici siyasətdə Rusiya ilə yaxınlıq əvəzinə başqa vektora üstünlük versəydi, Kreml Gürcüstan və Ukraynanı parçaladığı kimi, Qazaxıstana da əncam çəkəcəkdi. Ancaq Nazarbayev Kremlə heç bir bəhanə verməyib, əksinə, Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya Prezidenti Vladimir Putin çıxışlarının birində söyləmişdi ki, Nazarbayev olmasaydı, Qazaxıstan da olmayacaqdı. Bu fikir başda Nazarbayev olmaqla Qazaxıstanın siyasi dairələrində gizli narazılıq doğurmuşdu. Putin bununla Astanaya mesaj yollamışdı ki, fərqli siyasətə üstünlük versəz, sizi də Ukraynanın taleyi gözləyəcək. Ona görə də Nazarbayev parlamentlə səlahiyyət bölgüsünə getsə də, xarici siyasət və təhlükəsizlik məsələlərinə özü məsul olacaq”.

Politoloqun fikrincə, Nazarbayevin səlahiyyətlərini parlamentlə bölüşməsinin ikinci səbəbi Qazaxıstandakı iqtisadi vəziyyətdir:

“Neft bumu illərində səlahiyyət bölgüsü Nazarbayevin ağlına gəlmirdi, pul çox olduğundan, o, iqtisadi və sosial məsələləri asanlıqla həll edirdi, hələ üstəlik paytaxtın köçürülməsi kimi böyük maliyyə tələb edən layihənin reallaşdırılmasına yaşıl işıq yandırmışdı. İndi həmin pullar yoxdur, neft gəlirləri kəskin azalıb, milli pul vahidi dəyərdən düşür. Nazarbayev bu yükü daşımaq iqtidarında deyil. İqtisadi və sosial vəziyyətin ağırlığına görə prezident hədəf götürülür, çünki bu sahələr onun səlahiyyətindədir. Ancaq prezident bu sahələri baş nazirə ötürsə, iqtisadiyyatdakı problemlərə görə prezident günahlandırılmayacaq. Ona görə də Nazarbayev iqtisadiyyatı və sosial məsələləri baş nazirə yükləmək istəyir. Parlament seçkisində qələbə çalan partiya və onun lideri Nazirlər Kabinetinin formalaşdırmaq səlahiyyəti qazanacaq, daha əvvəlki kimi prezident istədiyi şəxsi baş nazir təyin etməyəcək. Bu səlahiyyət parlament çoxluğuna həvalə ediləcək.

Məntiqlə bu, Qazaxıstanda partiyalararası və ideya rəqabətinə də impuls verməlidir. Ancaq yeganə şərt parlament seçkisinin ədalətli və şəffaf keçirilməsidir ki, nəticə heç kimdə şübhə doğrumasın. Beləliklə, Azərbaycanın daha bir yaxın qonşusu parlament üsul-idarəsinə üstünlük verdi. Bundan əvvəl Gürcüstan, daha sonra isə Ermənistan konstitusiya dəyişiliklərinə gedərək parlament üsul-idarəsinə üstünlük verdi”.

Strateq.az