XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2017 - 20:59

Sərdar Cəlaloğlu:“Cavanşir Quliyev düz hərəkət etmədi, amma...”

serdar-1

“ADP-nin himni olub. 1990-cı ilin ortalarında biz bəstəkar Cavanşir Quliyevdən xahiş etdik ki, "Cəngi" ruhunda partiyamız üçün himn yazsın. O da himni yazdı. Sonradan Müsavat Partiyası ilə ADP arasında qarşıdurma başladı. Xüsusilə Qurban Məmmədovla İsa Qəmbər arasında. O zaman Cavanşir Quliyev Müsavatın üzvü və ya tərəfkeşi idi. Cavanşir Quliyev bu qarşıdurmada İsa Qəmbəri müdafiə etmək məqsədilə bizə dedi ki, himndən istifadə etməyək, çünki müəllifi odur”.

Strateq.az xəbər verir ki, bunu Teleqraqf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. 

Qeyd edək ki, tanınmış ziyalı, bəstəkar Cavanşir Quliyev bəyan edib ki, vaxtilə ADP rəhbərlərindən biri Müsavat başqanı İsa Qəmbərə “KQB agenti” dediyinə görə, bu partiyadan tələb edib ki, müəllifi olduğu himndən istifadə etməsin. 

ADP sədri Sərdar Cəlaloğlu qeyd edib ki, həmin dövrdə Cavanşir Quliyev düz hərəkət etməyib:

“Amma buna baxmayaraq, onun müəlliflik hüququ var idi. Onun bu sözlərindən sonra biz heç vaxt həmin himndən istifadə etmədik. Hazırda da ADP-nin himni yoxdur. Cavanşir Quliyev ADP-Müsavat arasında yaranan intriqaya görə belə addım atdı. Himnin sözlərini də Cavanşir Quliyevə biz təqdim etmişdik”.

ADP sədri deyib ki, onların heç vaxt Cavanşir Quliyevlə münasibətləri olmayıb:

“Onu Müsavata yaxın adam bilmişik və xahiş etmişik ki, himn yazsın. Bir vaxtlar müxalif sənətkarlar sırasında Cavanşir Quliyev də var idi və populyar idi. Ehtiyac olanda biz də müxalif sənətkarlara müraciət edirdik. Sonradan onlar müxalif mövqelərdən çəkildilər. Ona görə də heç əlaqəmiz də olmadı. Bizim Cavanşir Quliyevə qarşı kinimiz və etirazımız yoxdur. Sənəd adamları, sənətkarlar siyasətdə iştirak edib tam siyasiləşməyəndə yanlış qərar verirlər və bu normaldır.

Məsələn, Cavanşir Quliyevin bu yanlış addımından sonra ADP ilə Müsavat arasında ciddi əməkdaşlıq baş verdi, “Azadlıq” adlı blok yarandı, 2009-cu ildə referendumla bağlı birgə addım atdıq. Yəni Cavanşir Quliyevin bu hərəkətindən sonra biz 10-15 il Müsavatla əməkdaşlıq etdik”.

S. Cəlaloğlu deyib ki, əslində bəstəkar Quliyev onların Müsavatla olan intriqasına görə, himni almaqla ADP rəhbərliyinə bir növ cəza verib: “Ancaq ondan sonra biz 2003-cü ildə İsa Qəmbəri müdafiə etdik, hətta mən həbs edildim. Bəs yaxşı bu halda niyə Cavanşir Quliyev bizə mükafat vermədi? Biz vaxtında C. Quliyevin bu hərəkətini emosional addım hesab etdik, amma müəllif hüququ olduğuna görə, əsərinə qadağa qoyamaq hüququnu da tanıdıq. Əslində, himni bizdən almaq Cavanşir Quliyev üçün böyük hadisə olduğu qədər bizim üçün də kiçik məsələ idi”.