XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 10:27

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi:“Yerevan ofisinin şəffaflığı və öz mandatı çərçivəsində fəaliyyəti təmin olunmalıdır”

osce az

ATƏT-in Yerevan ofisi Ermənistan və Azərbaycan arasında mövcud olan münaqişə ilə bağlı münaqişənin nizamlanması prosesi də daxil olmaqla, hər hansı bir fəaliyyətə cəlb oluna bilməz. Bu, ATƏT-in Minsk Qrupunun səlahiyyətlərinə müdaxilə deməkdir”.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə ATƏT-in missiyalarının mandatlarının uzadılmasına dair Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin mətbuat açıqlamasında deyilir.

Açıqlamada nəzərə çatdırılır ki, 2016-cı ilin dekabr ayında məlumat verildiyi kimi, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qanuni əsaslı narahatlıqlardan çıxış edərək ATƏT-in Yerevandakı ofisinin son illər ərzində həyata keçirdiyi minalardan təmizləmə ilə bağlı fəaliyyətə öz etirazını bildirib: “ATƏT-dəki tərəf-müqabillərin əksəriyyəti məsləhətləşmələr zamanı ATƏT-in Yerevandakı ofisinin minalardan təmizləmə ilə bağlı fəaliyyətini mandatın açıq-aşkar pozulması kimi qiymətləndiriblər. Buna görə, Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Yerevan ofisini öz mandatı çərçivəsində fəaliyyət göstərməyə məcbur etmək üçün müvafiq tədbirlər görülməsini xahiş edib. Azərbaycan tərəfinin haqlı narahatlığına cavab olaraq Ermənistan özünün həmişəki girov götürmə ənənəsinə sadiq qalaraq, 31 dekabr 2016-cı il tarixində heç bir dəlil göstərmədən ATƏT-in Özbəkistan və Bişkekdəki mərkəzlərinin layihə əlaqələndiriciləri, Rusiya-Ukrayna sərhədində yerləşən iki Rusiya sərhəd-yoxlama məntəqəsindəki ATƏTmüşahidəçilərinin müvafiq mandatlarının uzadılmasını, həmçinin ATƏT-in 2016-cı il üçün vahid büdcəsinə düzəlişlərə dair qərarını blok edib. Ermənistan tərəfinin bu kimi şantaj hərəkətləri ATƏT-in bu mühüm missiyalarının funksiyalarını qeyri-işlək və öz nazından asılı vəziyyətə salıb, onların demək olar ki, bağlanmasına səbəb olub. Yalnız bu gün (27 yanvar) Ermənistanın xarici işlər naziri E. Nalbandyan ATƏT rəhbərliyi və baş katiblə təcili məsləhətləşmələr üçün Vyanaya çağırıldıqdan sonra Ermənistan tərəfi müvafiq qərarlar üzrə öz əsassız qadağasını geri götürməyə məcbur edilib”. 

Bəyanatda bildirilir ki, Ermənistan ATƏT-in Yerevan ofisinin ev sahibi statusundan sui-istifadə etmək üçün özünün şantaj siyasətini ATƏT-ə tətbiq etməkdə davam edir. Nəticədə, ATƏT-in Yerevan ofisi tərəfindən mandatın pozulması cavabsız qalır və onun əməliyyat fəaliyyəti dayandırılmış vəziyyətdədir: “Məsələyə dair Azərbaycanın mövqeyi konstruktiv və prinsipial olaraq qalır. ATƏT-in Yerevan ofisinin fəaliyyətinin şəffaf olması, ATƏT qarşısında məsuliyyət daşıması və mandat çərçivəsində həyata keçirilməsi təmin olunmalıdır. Daimi Nümayəndəlik ümid edir ki, ATƏT öz prinsipləri, ortaq dəyərləri və öhdəliklərini güdaza verməyərək həmrəylik və birlik formasında Ermənistan tərəfindən yaradılan bu növbəti problemin də öhdəsindən gələcək".   (APA)