“İsraildə Azərbaycan səfirliyi açılarsa, işlər xeyli yüngülləşər”.
Bu sözləri Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Yevda Abramov açıqlamasında deyib.
O bildirib ki, hər bir ölkənin demokratiya və inkişaf səviyyəsi var. “Əlbəttə yəhudi dostlarımızın yaşadığı ölkələrin əksəriyyəti tipik demokratik dövlətlərdir. Yerlərdə gedən xırda tədbirləri ümumiləşdirmək, qayə vermək onlarda çətinlik yaradır. Deməzdim ki, orada pərakəndəlikdir. Əgər İsrail dövlətində Azərbaycan səfirliyi olsa idi, mədəniyyət attaşesi də olardı.
Bütün böyük şəhərlərdə özlərinin iştirakı ilə daha əhatəli, daha geniş bunu etmək olardı. O zaman görülən işlərin faydalılıq əmsalı daha çox olardı. Burada oturub telefonla işçi qrupunun rəhbərinə, dostlarımıza nəsə demək çətindir. Səfirlik açılsa mənim də işim xeyli yüngülləşər”.
Deputat bildirib ki, viza məsələsini yoluna qoymaq o qədər də asan deyil.
“Düzdür, həm İsrail prezidenti, həm də baş naziri Bakıda olanda bu məsələlər müzakirə edilib. Təklif irəli sürülüb. Amma, bunu da etmək asanlıqla başa gəlmir. Müəyyən hazırlıqlar olmalıdır. Sərhəd-keçid məntəqələrində müasir texnologiyalar olmalıdır. Eyni zamanda, insanlar özləri də buna hazır olmalıdırlar. Bütün bunlara baxmayaraq İsraillə münasibətlərimiz çox əladır”.
Yevda Abramov deyib ki, daha yaxşı olardı ki, qolumuzu çırmalayıb iş görək.
“Ən güclü yəhudi diasporu İsraildədir. Bu, Rusiyadan sonra ən güclü diaspor təşkilatıdır. 80 minə yaxın keçmiş Azərbaycan vətəndaşı İsraildədir. Təbii ki, səfirlik məsələsi cənab prezidentin səlahiyyətindədir. Yəqin ki, beynəlxalq münasibətlərdə böyük uğurlarımız və Qarabağ məsələsində irəliləyiş olarsa, gələcəkdə bu məsələ də həll olunacaq. Bu məsələ hər zaman cənab prezidentin diqqətindədir. Bir də gördünüz ki, cənab prezidentin təşəbbüsü ilə İsraildə Azərbaycan səfirliyi açıldı. Düşünürəm ki, səfirlik açılandan sonra diaspordan gözləntilərimizin yeri var. Durub müsahibə verməklə iş bitmir. Qolumuzu çırmalayıb iş görməliyik”. (Modern.az)