Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyadan Strateq.az-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə “Nardaran işi” üzrə Tale Bağırzadə, Fuad Qəhrəmanlı və daha 16 nəfər barəsində çıxarılan ədalətsiz məhkəmə hökmlərinə münasibət bildirib.
Qeyd olunub ki, Mərkəzi Bankdan maliyyə-kredit maxinasiyaları ilə ölkənin iqtisadi sərvətini dağıdanlara, qeyri-qanuni yolla milyardlarla vəsaiti mənimsəyənlərə qarşı təsirli tədbirlər görülmədiyi halda, obyektiv istintaq və məhkəmə araşdırılması aparılmadan saxta və qondarma ittihamlarla günahsız şəxslərə qarşı ağır məhkəmə hökmlərinin çıxarılması bu hökmlərin sırf siyasi sifarişli olduğunu göstərir və hakimiyyətin insan hüquq və azadlıqlarına sayqısızlığını ortaya qoyur.
İdarə Heyəti bu cür ədalətsiz məhkəmə qərarlarının çıxarılmasından, vətəndaşların siyasi baxışlarına görə həbsə atılmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti ölkədə insan hüquq və azadlıqlarına sayqı ilə yanaşmağa, repressiyalara son qoymağa, həbs edilən vətəndaşların azadlığa buraxlması üçün müvafiq addımlar atmağa çağırıb.
Toplantıda həmçinin son zamanlar Real Hərəkatının rəhbərlərinə qarşı hakimiyyət orqanlarının apardığı təqib və təzyiq kampaniyası da tənqid olunub.
İdarə Heyəti «The Economist Intelligence Unit» beynəlxalq təşkilatının açıqladığı demokratiya ideksində Azərbaycanın insan hüquq və azadlıqlarının pozulmasına görə öncürlük təşkil etməsini həqiqətə uyğun olduğunu və bu hesabatın Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini diqqətə çatdırıb.
İdarə Heyəti Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Volodimir Aryev hazırladığı "Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı hücumlar” adlı hesabatında Gürcüstan və Moldovanın separatçı əraziləri ilə yanaşı, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin də separatçı qüvvələrin nəzarətində olduğundan həmin ərazidə mətbuatın vəziyyətinin qiymətləndirilməsinin mümkünsüz olduğunun göstərilməsi, bütün çətinliklərə baxmayaraq bu qətnamənin qəbuluna nail olmasını təqdir edib, eyni zamanda separatizmə məruz qalan ölkələrin iş birliyinin yaradılmasının vacibliyini qeyd edib.
İdarə Heyəti son vaxtlar köçkünlərin sosial problemlərin həlli istiqamətində yüngülləşdirici addımların atılması əvəzinə, bir sıra millət vəkillərinin onları aşağılayan, haqlı tələblərini diqqətə almayan bəyanatlar səsləndirməsini, millətin vəkili kimi deyil, sanki Nazirlər Kabinetinin vəkili kimi çıxışlar etməsini bütövlükdə millətimizə qarşı sayğısızlıq kimi dəyərləndirib və Milli Məclis rəhbərliyini bu cür deputatlar haqqında ciddi tədbirlər görməyə çağırıb.