Yanvarın 31-də İranın müdafiə naziri general Hüseyn Dehqan Tehranda Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüş keçirib.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, İki ölkənin hərbi başçıları İran-Ermənistan əlaqələri daxil olmaqla, regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparıblar.
H.Dehqan ölkəsinin hər zaman qonşu dövlətlərin sərhədlərinə hörmət etdiyini, həmçinin bölgədə sabitlik və sülhün təmin edilməsi istiqamətində İranın əməkdaşlığa hər zaman hazır oldunu vurğulayıb.
Bölgədəki problemlərin həll yolunun yalnız siyasi müzakirələr olduğunu qeyd edən general H.Dehqan deyib: "Yaxın Şərqdə şiddət və diktə siyasəti qəbulolunmazdır. İran problemlərin həlli istiqamətində səylərini əsirgəməyəcəkdir. Terrora qarşı mübarizə qəti və davamlı olmalıdır".
Ermənistanın müdafiə naziri Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, problemin həlli istiqamətində İranın təsirli roluna müsbət yanaşdığını açıqlayıb. V.Sarkisyan bildirib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil.
Sonda V.Sarkisyan İran və Ermənistan arasında hərbi və müdafiə sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.