XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2017 - 12:02

“Telefon diplomatiyası”:4 zəng, 1 müttəfiq – Təhlil

A Palestinian walks past a souvenir shop displaying T-shirts bearing images of US President Barack Obama (R) wearing a kaffiyeh and president-elect Donald Trump (L) dressed as a Hasidic Jew for sale in a souvenir shop in Jerusalem's Old City November 10, 2016. Donald Trump's shock election as president will likely result in a US tilt towards Israel that puts a Palestinian state even further out of reach, his own campaign team and analysts say. / AFP / AHMAD GHARABLI        (Photo credit should read AHMAD GHARABLI/AFP/Getty Images)

“Donald Trampın vəd etdiyi Yeni Dünya Nizamında ABŞ-ın Yaxın Şərq siyasəti necə olacaq” sualı ətrafında müzakirələrdə fərqli tablolar çəkilir. Amma Ağ Evin yeni sahibi hələ ki kətanda sələflərindən yadigar qalmış cizgiləri tündləşdirməklə məşğuldur.

Telefon başında duraraq Vaşinqtondan zəng gözləyən ərəb liderləri ilk zəngin Tel-Əvivə vurulduğunu bildikdə, yəqin ki, əsəbi halda dırnaqlarını çeynəmədilər. Çünki seçki kampaniyasında belə D.Trampın səsləndirdiyi bəyanatlar onun administrasiyasının Yaxın Şərqdə ifrat israilpərəst siyasət yürüdəcəyini müjdələyirdi. Sonralar ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürüləcəyi barədə açıqlama ilə o, sələflərindən çox-çox irəli getdi.

Yox, Əmmanda, ər-Riyadda, Dubayda və ya Qahirədə İsrail qorxusu daha yoxdur, amma kim müttəfiq, kim sadəcə tərəfdaş statusunda qalacaq marağı – dövlət rəhbərləri səviyyəsindədir.  

ABŞ səfərində olduğu müddətdə Vaşinqtondakı qapıları bir-bir döyən İordaniya hökmdarı II Abdulla da bir köynək yaxın olmağa çox ümidli idi. Hətta rəsmi proqramda olmasa da, Ağ Ev rəhbərindən dəvət alacağını gözləyirdi. Bir növ, qoy desinlər ki, ilk zəng və telefon danışığı İsrail baş naziri Benyamin Netanyahu ilə olub, amma Ağ Ev kandarından içəri ilk ayaq basan, hər halda, ərəb lideri idi…

Və məhz İordaniya kralının Birləşmiş Ştatlara səfəri günlərində B.Netanyahunun ABŞ-a səfərinin tarixi (15 fevral) açıqlandı. Ağ Evin mətbuat katibi Şon Spayserin bunu elan edərkən “Yaxın Şərqdə həlledici əhəmiyyətə malik yeganə demokratiya” vurğusu da kimin Birləşmiş Ştatların strateji müttəfiqi, kiminsə tərəfdaş olmasına açıq izahı idi.

Yeri gəlmişkən, “yeganə demokratiya”nın, yəni İsrailin NATO-dakı nümayəndəliyi də artıq fəaliyyətə başlayıb.

D.Trampın andiçmə mərasimində ABŞ-ın indən belə Amerika həyat tərzini başqa ölkələrə daha diktə etməyəcəyi barədə bəyanatı, əlbəttə, bu günədək ərəb liderlərinin eşitmək istədiyi cümlə idi. Çünki “Yaxın Şərqdə həlledici əhəmiyyətə malik yeganə demokratiya” vurğusu Obama administrasiyası dönəmində ərəb liderlərinin qayğısı idi. Məsələn, Pentaqonla geniş hərbi əməkdaşlığa baxmayaraq, II Abdullah daim siyasi islahatların ləngliyinə görə qınanılırdı.

Bu sarıdan Trampın zəng vurduğu ilk ərəb lideri Əbdülfəttah Sisinin də bəxti gətirməmişdi: Barak Obamanın ona qarşı açıq saymazlığı (xüsusən G20 Sammitində), sabiq dövlət katibi Con Kerrinin Sisinin mühafizəçiləri ilə ixtilafı, insan hüquqlarına ehtiramsızlıq suçlamaları və “Müsəlman Qardaşlar”a qarşı təzyiqlərə görə 2013-cü ildə bu ölkəyə ABŞ hərbi yardımının (illik 1,3 milyard dollar) dayandırılması…

D.Trampın Ə.Sisiyə etdiyi telefon zəngində keçmişin bu səhifələri vərəqlənmədi. Misir mediasının iddiasına görə, Sisi yeni respublikaçı prezidenti təbrik edən ilk beynəlxalq liderdir. Trampın “fantastik oğlan” adlandırdığı Ə.Sisi “telefon diplimatiyası”ndan sonra ABŞ-Misir münasibətlərinə artıq “yeni nəfəs”in veriləcəyinə əmindir. Sentyabr ayında iki prezidentin görüşü nəzərdə tutulub.

Qarşıda xeyli vaxt var, bu müddətə qədər D.Trampın milli təhlükəsizlik üzrə köməkçiləri “Müsəlman Qardaşlar” hərəkatının terrorçu təşkilatlar siyahısına aid edilib-edilməyəcəyinə dair qərar çıxarılmalıdır. Amma onlar da bilməmiş deyil ki, Trampın zəng etmək üçün seçdiyi ilk ərəb-müsəlman lider hazırda siyasi-iqtisadi cəhətdən Rusiya ilə yaxınlaşır və Suriya münaqişəsində rəsmi Dəməşqi dəstəkləyir. Ə.Sisinin Səudiyyə Ərəbistanı ilə münasibətləri gərilmiş durumdadır. Elə məhz “Qardaşlar”a verilən xarici dəstəyə görə.

Ağ Evin yeni sahibi ilə telefon danışığının digər iştirakçısı – kral Salman bu məqamları D.Trampla müzakirə edibmi?

“Reuters”ə açıqlamasında Səudiyyə mənbələri iki liderin bir saatdan çox danışdığını və söhbətdə əsas mövzunun terrorizmə qarşı mübarizə, hərbi əməkdaşlığın gücləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi olduğunu bildirib. Səudiyyə kralı ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nahayanın simasında Körfəz ölkələrinin “Müsəlman Qardaşlar”, “əl-Qaidə” kimi təşkilatlara münasibəti, İraq və Suriyada koalisiya qüvvələrinin İŞİD-lə mübarizəsində iştirakı artırma müzakirə edilib.

“Telefon diplomatiyası” ilə bağlı Ağ Evin rəsmi şərhində isə qeyd olunur ki, “regiondakı münaqişə nəticəsində məcburi qaçqınlar üçün təhlükəsiz zonalarının yaradılması ideyası qaldırılıb və Vəliəhd-Şahzadə ilə bu təşəbbüsü dəstəkləmək barədə razılığa gəlinib”. Həmçinin kral Salman Suriya və Yəməndə oxşar zonaların yaradılmasına dəstəkləyib.

“Ağ Ev rəhbəri və kral Salman İranın sabitliyi pozan regional fəaliyyətini müzakirə ediblər” – bunu Səudiyyə Ərəbistanının SPA agentliyi (Saudia Press Agency) daha bir söhbət mövzunu qeyd edib.

D.Trampın iqtidarının ilk 10 günündə 7 ölkə vətəndaşlarına qarşı məhdudiyyət qərarı da prinsipcə yeni yanaşmanı ifadə etmir. 

Göründüyü qədər, mahiyyətcə ABŞ-ın Yaxın Şərq siyasətində heç nə dəyişməyib. Doğrudur, Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Pentaqon rəhbərinə İŞİD-lə mübarizəyə dair yeni strategiya hazırlanması tapşırıb. Amma sənədin “təhlükəsizlik zonalarının yaradılması”ndan başqa sonda ortaya nə qoyacağı hələ ki, müəmma olaraq qalır.

Bu arada “Reuters”in məlumatına görə, Suriyadakı kürd hərbi qruplaşmaları ABŞ-dan yeni silah-sursat və hərbi texnika alıb. Barak Obama dönəmində qəbul edilmiş bu qərarın üzərindən D.Trampın xətt çəkməməsi Yaxın Şərqin digər dövləti Türkiyədə qıcıq oyadacağına şübhə yoxdur. Ağ Ev rəhbəri bunu necə izah edəcək?

Beləliklə, iqtidarının ilk 10 günündə hələ də xeyli suallar var. O cümlədən Ağ Evin yeni siyasətində rəsmi Ankaraya münasibət necə olacaq? Hazırda Vaşinqtondan Türkiyə müttəfiq, yaxud tərəfdaş kimi görünür?..

 

Əziz Rzazadə

Strateq.az