Trampın çoxdankı həkimi Harold N. Bornşteyn müsahibələrində onun saç uzanması üçün prostat dərmanı qəbul etdiyini bildirib.
Tramp bundan başqa, dəri problemi sayılan çəhrayı civzələrə qarşı antibiotik və qanda xolesterol və lipidlərin miqdarını azaltmaqdan ötrü statin qəbul edir.
Bornşteyn həmçinin deyib ki, Tramp infarkt riskini azaltmaq məqsədiylə hər gün uşaq aspirini içir. Həkim Trampın sağlam olduğunu, onun "ən müasir" tibb xidmətindən yararlandığını deyib. 70 yaşlı Trump ən yaşlı prezidentdir. Bornşteynın dediklərinə aydınlıq gətirmək istəməyən Ağ Ev rəsmiləri onun hələ də Trampın həkimi olub-olmadığını da söyləməyiblər.
“TRAMPIN HƏKİMİ”
Trampın hər gün kiçik dozada qəbul etdiyi "Propecia" adı ilə satılan finasterid preparatı prostat mənşəli PSA antigeninin miqdarını azaldır. Bu preparatdan kişi keçəlliyinin önlənməsində istifadə olunur. PSA antigeninin azalması həm də xərçəng riskini aşağı salır.
69 yaşlı doktor Bornşteyn Tufts və Yel kimi universitetlərdə təhsil alıb. O, 1980-ci ildən bəri həkimliklə məşğuldur. Bildirib ki, Tramp prezident olandan onunla əlaqəsi kəsilib və Ağ Ev əməkdaşlarından heç kim ondan Trampın tibbi qeydlərini istəməyib. Həkim həmin qeydləri 36 ildir ki, saxladığını deyir.
Doktor Bornşteynın sözlərinə görə, Tramp 1980-ci ildən bəri hər il onun klinikasına ümumi müayinəyə gəlib. Bundan əvvəl Trump Bornşteyinın atası doktor Jakob Bornşteynin xəstəsi olub.
Həkimin sözlərinə görə, o, indi dostlarının ona diqqətinin artmasından, ona "Trampın həkimi" kimi yanaşılmasından məmnundur. O, mətbuatın buna görə onu "ələ salmasından", ofisinin pəncərəsinə daş atılmasından və küçədə insanların onu görəndə qışqırmasından narazılığını da gizlətməyib.
“AĞ EVİN HƏKİMİ OLMALYAM”
Seçki kampaniyası dövründə məşhur “əgər seçilərsə, cənab Tramp ən sağlam prezident olacaq" bəyanatını verən də məhz doktor Bornşteyn idi. Səkkiz ay sonra o, həmin məktubu, Trampın göndərdiyi limuzin qapısının ağzında gözlərkən, tələsik yazdığını deyərək çaşqınlıq yaratmışdı. Doktor Bornşteyn vaxtaşırı Trampın birinci və üçüncü arvadlarının da həkimi olduğunu, vaxtaşırı ikinci arvadına da xidmət göstərdiyini söyləyib.
Təqribən bir ay öncə, Bornşteyn Trampın katibi Rona Graffa deyib ki, "Mən Ağ Evin həkimi olmalıyam. Ronald Reyqan və Corc Buş kimi keçmiş prezidentlər öz həkimlərini Ağ Evə gətiriblər…"
Bornşteyn Trampın andiçmə mərasiminə də dəvət olunub. Amma o, mərasimdə elə də xoş anlar yaşamadığını söyləyib. Belə ki, mərasim zamanı kürsüdə oturdulacağını gözləyirmiş, ancaq ona oturmaq təklif edilməyib. (Azadlıq radiosu)