XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 21:54

Keçmiş prokurorun İlyas İsmayılov haqqında xatirələri –"Ədaləti həyat kredosuna çevirən adam"

ilyas-ismayil0v-2

Uzun illər boyu əsarət altında yaşayan Azərbaycan 25 ildir ki, müqtəqillik dövrünə qədəm qoyub. Əsarət illərində az müsibətlər görməyən ölkəmiz öz əqli potensialının, mütərəqqi ziyalılarının əzmi, səyi nəticəsində ayaq üstə dayanmağı bacarıb.

Sovet hakimiyyətinin son illərində Cəlilabad rayonunda prokuror işləyən Ələmdar Məmmədovun keçmiş Respublika prokuroru İlyas İsmayılov haqqında "Ədaləti həyat kredosuna çevirən adam" sərlövhəsi altında qələmə aldığı xatirələri həmin keşməkeşli illərin ağrılı-acılı günlərinə də işıq tutur.

Yaxın tariximizi mərcək altına alan bu xatirələri Strateq.az oxucularına təqdim edirik:

***

 

Bizim qəribə bir mentalitetimiz var: nə zamana qədər, bir adamdan asılıyıq, onu mələkləşdiririk; nə zaman həmin adam vəzifədən gedir, onun arxasınca danışmaq şakərimizə çevrilir.

Son zamanlar böyük hörmət bəslədiyim İlyas İsmayılova bəzilərinin münasibəti də bu cürdür. Dünənədək İlyas İsmayılov haqqında danışanda adını xüsusi vurğu ilə səsləndirənlərin bu gün onun bostanına daş atmasını görəndə təəssüflənməyə bilmirəm. Çünki mənim tanıdığım İlyas İsmayılov bu cür məkrli münasibətə layiq birisi deyil. Onun haqqında qələmə almaq istədiyim bu yazı da İlyas İsmayılov şəxsiyyətini olduğu kimi ictimaiyyətə tanıtmaq niyyətindən irəli gəlir.

Bəziləri düşünə bilər ki, İlyas İsmayılov məni prokuror vəzifəsinə gətirdiyi üçün bu yazını qələmə almışam. Bəri başdan demək istəyirəm: mən Lənkəran prokurorunun müavini təyin olunanda artıq 5 il idi ki, ehtiyatda idim. İlyas müəllimin yerinə kim Respublika prokuroru vəzifəsinə gəlsəydi, mən yenə də hansısa rayona prokuror təyin olunacaqdım. Bu mənada təyinatımı İlyas müəllimin xüsusi hədiyyəsi kimi qiymətləndirmək olmaz. O, sadəcə qanunlara, daxili nizamnaməyə hörmət edən bir şəxsiyyət kimi vəzifəsindən irəli gələn addımı atmışdı. O başqa məsələdir ki, öz vəzifəsini layiqincə yerinə yetirmək, insanlara qayğıyla yanaşmaq, ədalətli davranmaq da qabiliyyət tələb edir və bu üstün məziyyət hər kəsə nəsib olmur. İlyas müəllimdə isə bu qabiliyyət fitridir.

Hansı vəzifədə və statusda olursa-olsun, onun həmişə həyat kredosuna çevirdiyi əsas dəyər ədalətlilikdir. Təsadüfi deyil ki, dövlət orqanlarında tutduğu yüksək vəzifələrdən  ayrıldıqdan sonra yaratdığı partiyanın adını da “Ədalət” qoydu. Həqiqətən də, “Ədalət” sözü İlyas İsmayılovun boynuna biçilib.

İlyas İsmayılovun yüksək mənəvi keyfiyyətlərindən biri də təvazökar olmasıdır. Tale ona səxavətli davranıb, çox şeylər bəxş edib –xarakter, yüksək əqli mühakimə qabiliyyəti, ciddilik, bir çoxlarının ən başlıca həyat amalına çevrilən yüksək vəzifələr… Bu qədər keyfiyyətlərinə baxmayaraq, heç vaxt bu adamı əlində olan fürsətləriylə qürrələndiyini görən olmayıb. Əksinə, İlyas müəllim o qədər təvazökardır ki, bəzən onun haqqında yüz cür iftiralar atılır, yalanlar danışılır, amma o, bircə dəfə də olsun, tamamilə haqlı olduğu məqamlarda belə, özündən bəhs etmir, etdiyi xidmətləri, yaxşılıqları dilə gətirmir.

Məsələn, İlyas müəllim haqqında ən çox irəli sürülən ittihamlardan biri “pambıq işi”ylə bağlıdır. Guya, o, 1980-cı illərin sonlarında “pripiskaya” qarşı mübarizə adı altında xeyli günahsız insanı cəzalandırmışdı. Halbuki, 1986-87-cı illərdə bir sıra sovet respublikalarını qasıb-qovuran “pambıq repressiyaları”ndan Azərbaycanı qoruyan məhz İlyas İsmayılov olmuşdu.

***

Mən şəxsən şahidəm ki, SSRİ prokurorluğu ölkəmizdə də pambıq “pripiskalarını” yoxlamaq üçün 70, ya da 90 prokuror (sayını tam xatırlamıram) ayırmış və bu barədə Azərbaycana məktub göndərmişdi. Həmin vaxt mən Cəlilabadda prokuror işləyirdim. Bizim də bir işçimiz-prokuror köməkçisi “pambıq işini” araşdıran komissiyaya daxil edilmişdi. Qarşımızda dayanan bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirmək üçün İlyas İsmayılovun məsləhətinə ehtiyac hiss etdiyimdən, yanına gəlmişdim. Qısa söhbətdən sonra o, seyfin qapısını açıb içərisindən SSRİ Prokurorluğundan gələn həmin məktubu mənə uzatdı və oxumağımı istədi. Oxudum, məktubda “pambıq işini” yoxlamaq üçün Moskvadan gələcək prokurorların qarşılanması, yerlə təmin olunması xahiş edilirdi. Oxuyub qurtarandan sonra İlyas müəllim mənə ikinci məktubu uzatdı. Özünün SSRİ Prokurorluğuna yazdığı cavab məktubu idi. Məktubda qeyd olunurdu ki, “diqqətinizə görə sağ olun. Amma biz öz daxili imkanlarımız sayəsində bu işlərin öhdəsindən gələcəyik”.

İlyas müəllim daha sonra mənə niyə bu cür cavab məktubu yazdığının səbəbini də izah etdi. Bildirdi ki, Qdilyan, İvanov kimi başqa millətlərdən olan prokurorların Azərbaycana gəlməsini və “pambıq işi”ni araşdırmasını istəmir. Çünki ortada Özbəkistan təcrübəsi  vardı və bu ölkədə minlərlə adam “pambıq işinin” qurbanı olmuşdu. Özbəkistanın birinci katibi, Nazirlər Sovetinin sədri və bu kimi yüksək vəzifə tutan çox sayda rəhbər kadrı, ziyalısı özünü repressiyadan xilas edə bilməmişdi. “Pambıq repressiyası” qurbanlarının başsız qalan ailələrini də bu hesaba əlavə etsək, həmin işdən 100 minlərlə özbək zərər görmüşdü.

İlyas müəllimin fikrincə, biz bu təcrübədən dərs almalı, “pambıq işini” ədalətlə araşdırmalıydıq ki, Moskvadan Azərbaycana başqasını göndərməsinlər. Yoxsa, bizdə də qurunun oduna yaşlar yana bilərdi. Məhz buna görə də cəsarətlə deyə bilərəm ki, İlyas müəllimin obyektivliyi, uzaqgörənliyi, mərkəz qarşısında ötkəmliyi və ən əsası, vətənpərvərliyi o vaxt Azərbaycanın bir çox zəhmətkeşini, rəhbər işçisini, ziyalısını repressiyalardan xilas etdi..

İlyas müəllim həm mənimlə söhbətində, həm də qısa müddətdən sonra keçirilən müşavirədə çıxış edərək, bu işi özümüzün araşdırmağımızın vacibliyini “ağı qaradan ayıra bilmək” imkanlarımızla əsaslandırdı. Biz “pripiska”ya bulaşdırılmış xalqı yox, bu işi təşkil edən əsas günahkarları cəzalandırmalıydıq. Necə ki, elə də oldu.

İlyas müəllim prokurorluq orqanlarına o dövrün şərtləri baxımından ciddi inqilabi dəyişiklik gətirdi. Onun zamanında prokurorların Cinayət Məcəlləsində nəzərdə tutduğu ən ağır cəzanı istəməsi ənənəsinə son qoyuldu. Bunun üçün İlyas müəllim xüsusi kollegiya iclası keçirdi. İclasda iki rayonun prokurorunu ciddi tənqid atəşinə tutaraq, adi bir hadisəyə görə, ağır cəza tələb etmələrini qınadı. Həmin prokurorlardan biri ot tayısına od düşdüyü üçün kolxoz sədrinə ağır cəza istəmişdi. İlyas müəllim bu tələbin yersiz olduğunu, bununla adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu həbsə atılmış istənilən şəxsin karyerası bağlanır, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması belə mümkünsüz hala gəlirdi. Mahiyyəti 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının karyerasının ləkələnməsi İlyas müəllimi ciddi narahat edirdi.

İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa rayonda açılan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təsərrüfat müdiri işləyən bir xanıma prokuror dövlət əmlakına zərər vurma maddəsilə cinayət işi qaldırmışdı. Bu maddədə 6 ildən 15 ilə qədər cəza nəzərdə tutulurdu. Həmin xanım isə yetim bir qız idi. Ata-anası yoxuydu. Himayəsində 3 bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu yetim qıza ağır cəza vermək istəyən prokuroru çox ağır tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, onu üstündən heç bir il belə keçməmiş işdən çıxartdı.

Mən həmin kollegiya iclasında ötkəm, prinsipial, olduqca ciddi adam kimi tanınan İlyas müəllimin necə nəcib ürəyə sahib olduğunu anladım. Məhz onun bu nəcibliyi sayəsində Azərbaycanın prokuror orqanları bacardıqları qədər az cəza tələb etmək yolunu seçdi. Repressiv üsullara qədər varan ağır cəzalandırma ənənəsi tarixə qovuşdu.

İlyas İsmayılovun müsbət keyfiyyətlərindən biri də nəcib qəlbini əsrlər boyu ölkəmizin ən böyük mərəzi sayılan yerliçilik və qohumbazlıq hisslərindən uzaq tutmasıdır. Onun Baş prokuror işlədiyi dövrlərdə ən yaxın ətrafının regional mənsubiyyəti çoxşaxəli idi. Heç bir zaman öz qohumlarının, yaxınlarının haqqı olmadığı iş üçün kiməsə ağız açmazdı.

Yaxşı yadımdadır, Cəlilabadda yenicə prokuror təyin olunduğum vaxtlar “şpayler işi” vardı. Məndən əvvəl açılan cinayət işi idi. Həqiqətdə ortada bir cinayət hadisəsi də yoxuydu. “Prisipkadan” doğan saxtalaşdırmanın nəticəsinə görə cinayət işi açılmışdı. Məndən əvvəl sürücüləri prokurorluğa çağırır, adlarına yazılan şpaylerlərin mənimsənilməsinə görə incidirdilər. İş qondarma olsa da, hüquqi cəhətdən əsaslandırılmış qərar vermək tələb olunurdu. Müstəntiqə tapşırdım ki, bu qədər insanı narahat etməyə dəyməz, kimin ayağında daha çox borc var, onu məhkəməyə verək, ödənişini təmin etdikdən sonra məhkəmədə şərti cəza istəyək.

İş elə gətirdi ki, ən çox borclu olan adam tovuzlu çıxdı. Sənədlərdə onun adına 6500 manat borc yazılmışdı. Bu işə tətbiq ediləcək maddə isə Cinayət Məcəlləsinin 86.3-cü maddəsi ola bilərdi. Bu isə 6 ildən 15 ilə qədər cəza demək idi. Həmin şəxslə görüşüb dedim ki, kolxoz sədrilə danışaq, ziyanı ödəyin, sənə məcburi əmək tələb edə bilim. Adam mənim yanımdan narazı ayrıldı. Sonra eşitdim ki, ziyanı ödəyib. Məhkəmədə bu iş üçün 3 il məcburi əmək cəzası istədim. Hakim də cəzanı 2 il yarım məcburi əməyə endirdi.

Məhkəmədən sonra həmin adam yanıma gəldi. Bildirdi ki, xanımı tərəfdən İlyas İsmayılovun yaxın qohumudur. Bu iş üçün İlyas müəllimin yanına gedib, məndən şikayət edib. İlyas müəllim isə eynilə mən deyəni deyib. Adam xahiş edib ki, “bəlkə məni ona tapşırasınız”. İlyas müəllim isə buna ehtiyac olmadığını, mənim ədalətli mövqe tutacağıma, verdiyim sözə tapşırıqsız da əməl edəcəyimə inandığını bildirib.

Bəli, İlyas müəllim belə insandır. O, yaxın qohumunu belə, öz işçisinə tapşırmamışdı…

(ardı var)

Ələmdar Məmmədov

Keçmiş prokuror