Fevralın 4-də Almaniyanın Köln şəhərindəki «Regen» hotelində Dünya Azərbaycanlıları Assambleyasının beynəlxalq Köln forumu keçirilib.
Bu haqda Strateq.az-a daxil olan məlumatda deyilir ki, foruma 23 Avropa, həmçinin keçmiş sovet olkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, ictimai-siyasi və elm xadimləri, xarici ölkə təmsilçiləri qatılıblar.
Foruma hazırda Almaniyada iqtidarda olan Xristian Demokrat Partiyasının deputatı Serap Gülər və Köln şəhər bələdiyyəsinin rəhbəri Hans Zerner Bartschin başçılığı altında nümayəndə heyəti də qatılıb.
Bildirilir ki, forumda "Azərbaycanda alman diasporasının tarixi” mövzusunda Alman-Turk Yazarlar Birliyinin sədri Dr. Orhan Aras, “Tarixdən günümüzə qədər soyqrım və terrorizm” mövzusunda Norveçdən antropoloq və etnoqraf, Türklərə qarşı törədilən soyqırımı Araşdırmalar Vəqfinin rəhbəri Səfa Yürükəl, “Avropa siyasi həyatında Türk qadını” mövzusunda Hollandiyadan Avrasya Fondunun rəhbəri, Hollandiya Xristian Demokratlar Partiyasının nümayəndəsi Fatma Aktaş, “Beynəlxalq miqrasya siyasəti və miqrantların yaşadıqları ölkələrdə qarşılaşdıqları problemlər” mövzusunda isə Almaniyadan Serap Gülərin məruzləri dinlənilib.
Daha sonra isə məruzələrlə bağlı geniş müzakirələr keçirilib, həmçinin forum adından, başda BMT olmaqla, bir sıra beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Müraciətlərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın qeyd-şərtsiz azad olunması ilə bağlı qərarlarının bu günə qədər hansı səbəbdən yerinə yetirilməməsi sorulmaqla yanaşı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, Türkiyə prezidenti R.T.Ərdoğanın və Almaniya kansleri xanım A.Merkelin terrorizmə qarşı mübarizdə tutduqları mövqe yüksək qiymətləndirilərək, onların bu yöndəki fəaliyyətlərinə dəstək ifadə olunub.
Forum Üzeyir Hacıbəylinin "Koroğlu" üverturasının səslənməsi ilə öz işini yekunlaşdırıb.
Sonda forum iştirakçılarına Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu tərəfindən ziyafət verilib.