XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2017 - 11:28

Vaşinqtonda trampizm rüzgarı və Bennon amili –Təhlil

trump-stephen-bannon

Hakan Çopur, “Dünya bülteni” (Türkiyə)

 

Siyasi karyeraya malik olmadan vəzifəyə gəlmiş prezident Donald Trampın mübahisəli qərarları, ifrat sağçı Stiven Bennon da daxil olmaqla dar çevrədə qəbul etməsi Vaşinqtonun geniş siyasi spektrinin narahatlığını doğurub.

Trampı Ağ Evin sahibi edən əsas amil milyonlarla ağ amerikalı seçicidir. Bir ara adı Dövlət Departamentinin rəhbəri kimi hallanan Nümayəndələr Palatasının sabiq rəhbəri Nyut Qinqriç “trampizm” adı verilən faktı səciyyyələndirərkən deyir ki, bu, Trampın “dinməz-söyləməz Amerika xalqının səsinə qulaq kəsilməsi ilə” mümkün oldu.

Bu faktın fərqində olan Tramp prezident kürsüsünə oturduğu gündən bu yana Respublikaçı Partiyanın deyil, böyük nisbətdə öz yolunu təqib edəcəyi təəssüratını yaradıb. Ancaq adətkərdə addımlar atmamağa, vərdiş edilməyən üsullarla iş görməyə başlayan Tramp onu Ağ Evə gətirib çıxaran siyasi axını qabaqlamış görünür.

Trampın seçki kampaniya dövründə özündən uzaq tutmadığı ifrat sağçı Stiven Bennonu əvvəlcə Ağ Evə baş strateq kimi gətirməsi, sonra da Milli Təhlükəsizlik Şurası (MTŞ) üzvü təyin etməsi olduqca diqqət çəkib. Sıradan bir məsləhətçinin ölkənin ən ali səviyyəli Milli Təhlükəsizlik Şurasına üzv edilməsi Vaşinqtonda uzun illər görünməmiş təyinat idi. Bu addımı ilə Tramp partiya elitasına və ya Vaşinqtonun siyasi güc mərkəzlərinə deyil, Bennon kimi adamlarının ağılına güvənəcəyini bir dəfə daha sübut etdi.

Hələ seçki kampaniyasının bitməsinə qədər Bennon digərlərindən ayrılaraq özünə müstəsna bir mövqe qazanıb. Onunla birgə “ABŞ yalnız ağlara aiddir” iddiası ilə Amerika millətçilərinin son versiyası – “Alternativ Sağ” (Alt-Right) prezident seçkisində Trampın qalib gəlməsi ilə güc qazanmağa başlayıb.

“Alt-right”ın saytları arasında öndə gedən “Breitbart”'ın sahibi S.Bennonun Ağ Evdə ən güclü simalardan biri olması ağ Amerika millətçi ideologiyasının da Amerika siyasətində qanuniləşməsinə yol aça bilər.

“Breitbart” bir çox təşkilat və şəxsin gözündə irqçi, müsəlman, yəhudi və miqrant əleyhdarı və ağ irqin üstünlüyünə inanan görüş məkanı kimi tanınır. Respublikaçıların Amerika xalqına xəyanət etdiyini və partiya isteblişmentinin dəyişdirilməsini müdafiə edən “Breitbart”ın Milli Təhlükəsizlik Şurasında söz sahibi kimi güclü fiqur halına gəlməsi maraqlı vəziyyət yaradır.

Kollec məzunu olduqdan sonra ABŞ donanmasında 4 il xidmət edən S.Bennonun Corctaun Universitetindən – milli təhlükəsizlik və Harvarddan – menecer diplomları var. Nyu-Yorkun sabiq bələdiyyə başçısı Rudi Culiani, Bennonı bu sözlərlə səciyyələndirir: “O, Amerika ictimaiyyətini çox yaxşı anlayır və Tramp onun sayəsində seçkilərdə qalib gəldi. O, Trampa insanların hansı məsələlərdə narahat və əsl dərdlərinin nə olduğunu izah edir. Tramp da ümumiyyətlə, onunla eyni fikirdədir”.

Trampın prezident seçkilərində sürpriz bir şəkildə qalib gəlməsində böyük payı olan Bennon bir çox fikirlərinə görə ictimaiyyət üçün nə qədər xoşagəlməz olsa da, köhnə əmlakçı-milyarderin çox güvəndiyi şəxs kimi artıq ölkənin əhəmiyyətli qərar qəbuledicilərindən biridir.

Onun ABŞ Baş Qərargah rəisi və Milli Kəşfiyyat Agentliyinin direktorunun keçirdiyi iclaslarda iştirakı, şübhəsiz, Trampın S.Bennona verdiyi dəyəri göstərir. Trampın “sağ qolu” kimi xarakterizə edilən S.Bennonun öz “sağ qolu” Stiven Miller də Trampın çox güvəndiyi şəxslərdən biri sayılır. Andiçmə mərasimi nitqini Bennon ilə birlikdə qələmə alan Miller seçki kampaniyasının əvvəlindən yaxın qrupa daxil idi və nitqlərin yazılmasında mühüm rol oynadı.

Görünən budur ki, yeni prezident öz müqəddəratını əhəmiyyətli ölçüdə Bennon, Miller, müdafiə naziri Ceyms Mattis və dövlət katibi Reks Tillerson kimi xüsusi əlaqələri olan şəxslərin uğuruna bağlayıb. 2020-ci illərədək Trampın və yaxın çevrəsinin çəkəcəyi qrafik yalnız Amerika xalqını deyil, bütün dünyanı yaxından maraqlandıran göstərici olacaq.

 

Tərcümə: Strateq.az