XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2017 - 11:44

Türkiyə və İsrailin yolları birləşir –Əsas odur ki, şeytan azdırmasın – Təhlil

turkey-israil

Tel-Əviv və Ankara münasibətləri “qlobal istiləşmə” dövrünə qədəm qoyub və aradakı altı illik siyasi-diplomatik, iqtisadi və hərbi buzlaq yavaş-yavaş əriməkdədir. Artıq bu həftə, fevralın 12-də Anadoluya uzanacaq sualtı qaz kəmərinin tikintisi üçün Türkiyənin energetika rəsmilərindən ibarət heyət İsrailə səfər edəcək.

Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının İsrailə ilk rəsmi səfəri isə artıq başlayıb. Ona qədər İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Yuval Rotem Ankarada türkiyəli həmkarı ilə energetika, iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair danışıqlar aparıb.

“İsrail Radiosu”nun məlumatına görə, enerji və təbii sərvətlər naziri Berat Albayrakın rəhbərlik edəcəyi heyət İsrailin Energetika Nazirliyi rəsmiləri, eləcə də Aralıq dənizində təbii qaz yataqlarının işlənməsi ilə məşğul olan “Delek Group” və “Noble Energy” konserni üzvləri ilə görüşəcək. Gündəlikdəki yeganə mövzu – İsraildən Türkiyəyə sualtı qaz kəmərinin çəkilməsi olsa da, türkiyəli bürokratlar ciddi enerji böhranı keçirən Qəzza bölgəsinə də səfər edəcəklər.

Yeri gəlmişkən, bu səfər barədə ilk məlumat fevralın 1-də Ankara və Tel-Əvivin birgə bəyanatı ilə elan edilib: “…hər iki tərəf Türkiyə nazirlərinin İsrailə səfəri ilə başlayan rəsmilər, iş adamları, elm xadimləri və mədəniyyət təmsilçilərdən ibarət heyətlərin mübadiləsi vasitəsilə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər”. Bundan əlavə, tərəflər “regionun sabitlik və təhlükəsizliyi üçün Türkiyə-İsrail münasibətlərinin yaxşılaşdırılmasının vacibliyini bir daha təsdiq ediblər”.

Sözarası, rəsmilər arasında ilk görüşədək hər iki dövlətin paytaxtlarına səfirlər təyin olmuşdu. 2016-cı ilin dekabrında Eytan Naeh prezident Ərdoğana etimadnaməsini təqdim etmiş və Ankara öz elçisini İsrailə yollamışdı. Bir müddət əvvəl isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hülusi Akar Brüsseldə israilli müdafiə naziri ilə bir araya gəlmişdi. İlk baxışdan sadə və “sıradan bir görüş”də – NATO-da İsrail nümayəndəliyinin açılış mərasimində…

Israeli ambassador to Turkey Eitan Naeh (L) presents his letter of credence to Turkish President Recep Tayyip Erdogan (R) at the presidential Complex in Ankara, on December 5, 2016.  / AFP / ADEM ALTAN        (Photo credit should read ADEM ALTAN/AFP/Getty Images)

İsrail səfiri Eitan Naeh etimadnaməsini prezident Ərdoğana təqdim edir

 

On türk vətəndaşının ölümü ilə nəticələnmiş “Mavi Mərmərə” (may, 2010-cu il) basqınından sonra münasibətlərin bu sayaq istiləşməsi bölgə dövlətlərinin ciddi diqqətindədir. “Mehr News” (İran) artıq “Ankara və Tel-Əviv: iqtisadi maraqlardan bölgədə koalisiyaya qədər” adlı şərhi ilə iki ölkə arasında hərtərəfli əlaqələrin nəyə hesablanmasını və tələskənliyin səbəblərini vurğulayır.

Bəli, tələskənlik. Tərəflər həqiqətən altı illik geriliyi mümkün qədər tez adlamağa çalışırlar. 2013-cü ildə gizli şəkildə aparılan danışıqlar, nəhayət ki, məntiqi nəticəsini verib. Yaxın Şərqin Aralıq dənizi hövzəsində demək olar ki, müttəfiqsiz qalmış Türkiyə buna daha çox sevinən tərəf kimi görünür. Enerji sektoru isə Tel-Əvivlə münasibətlərin “qızıl dövrünə” qayıdış üçün çox yaxşı və cazibədar sahədir.

Enerji naziri Yuval Steinitzin sözlərinə görə, İsrail son bir il ərzində təbii qaz satışından təxminən 3 milyard şekel (800 milyon $) qazanıb. Türkiyə də daxil olmaqla, Kiprdən Yunanıstan və İtaliyaya, oradan Avstriya, Almaniya və digər ölkələrə boru kəmərinin tikintisi planı əsla gizlədilmir. Layihəyə maliyyə dəstəyini Avropa İttifaqı verir.

yuval Totem

Yuval Rotemin Ankara danışıqlarında körpülər bərpa olundu 

 

Y.Steinitz Türkiyə Energetika Nazirliyinin nümayəndə heyətinin gəlişini intizarla gözləyir. Bu həftə o, İtaliyanın enerji naziri ilə də görüşəcək və onunla İsrail-İtaliya qaz kəməri məsələsini müzakirə edəcək. “Hədəfimiz Avropa enerji bazarının on faizini təmin etməkdir”, – Y.Steinitz deyib.

Bölgənin digər gücləri bir yana, Qəzza bölgəsindəki “Həmas”ın bu sövdələşmələrdə hansı mövqe tutacağı hər şeydən çox maraqlıdır. 2013-cü ilin gizli danışıqları aşkarlıq tapdıqdan sonra “Həmas”ın Türkiyədəki nümayəndəliyi qapadılıb. Misirdəki “İxvan”çı (“Müsəlman Qardaşlar”) iqtidarının süqutu hazırda anklavı dalana dirədib. Bu ilin may ayında Fələstin Muxtariyyətində seçilər keçirilməlidir. “Həmas”ın başıdərdli Suriyadan aldığı dəstək də yetərsiz olduğundan üzünü Tehrana tutacağı şəksizdir. Amma bunu Ankara ilə münasibətlərə zərər vurmadan necə edəcəyi hələ bəlli deyil.  

Son günlər Egey dənizində Yunanıstanla əsəb oyunları və bu ölkəyə qaçmış türk zabitlərinin geri qaytarılmaması Ankaranı İsraillə bağlı doğru seçim etdiyinə inandırır. Tel-Əviv Cenevrədə Kiprə dair sülh danışıqlarının nəticəsinin Türkiyənin xeyrinə bitməsində maraqlıdır. Çünki İsrailin “Leviathan” (xristian əsatirində şeytanın adlarından biri) təbii qaz sahəsindən Türkiyəyə sualtı qaz kəməri siyasi-iqtisadi təcrid zonasından – Kiprdən keçməlidir.

“Jerusalem post”un yazdığına əsasən, Şərqi Aralıq dənizi hövzəsində strateji dayaqlarını gücləndirən Rusiyanı, eləcə də “Zohr” adlı ən böyük qaz yatağına malik (85 milyard kub metr; bu, İsrailin “Leviathan” sahəsindəki resursdan 36% çoxdur) Misiri qabaqlamaq gərəkdir. Nəşrin qeydinə görə, Rusiya-Misir planı Azərbaycandan Yunanıstan, Albaniya və İtaliyaya uzanan “Cənub Qaz Dəhlizi” layihəsinin Trans-Anadolu Boru Kəmərinin (TANAP) əhəmiyyətini endirə bilər. Rəsmi Ankaranın niyyətləri aydındır: TANAP-dan da istifadə etməklə, Xəzər hövzəsi və Aralıq dənizi hövzələrindən Avropaya təbii qazın paylanması üçün enerji mərkəzi olmaq.

AKP iqtidarı tələsir və bu arada ölkəni Atatürk Türkiyəsindən “Osmanlı Cümhuriyyəti”nə çevirmək üçün referendum keçirilməli, şərq vilayətlərində PKK-nı çökdürmək, Suriyada və İraqda mövqeləri möhkəmləndirmək… və sair və ilaxır gərəkdir. İsraillə körpülərin çaparaq bərpası və “Leviathan”dan qaz nəqli bu siyahıda neçənci yerdə durur?

Əsas odur ki, şeytan azdırmasın…

 

Əziz Rzazadə

Strateq.az