"Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin önəmli fiqurlarından biri, uzun illərdir xaricdə – İsveçrədə yaşayan sabiq xarici işlər naziri Tofiq Qasımovun bundan sonra qətiyyən siyasətə qarışmaq kimi bir niyyəti yoxdur".
Strateq.az xəbər verir ki, bu haqda Modern.az saytına İsveçrədə mühacirətdə yaşayan tanınmış jurnalist Elbəyi Həsənli məlumat verib.
Onun sözlərinə görə, 13 ildir İsveçrədə yaşasa da, bir dəfə də Tofiq Qasımovla görüşə bilməyib. E. Həsənli bununla belə, keçmiş xarici işlər naziri haqqında müəyyən məlumatlar da verib.
Jurnalist bildirib ki, T.Qasımovun ailəsi onun üstündə yarpaq kim əsir: “Ailəsi istəmir ki, o, siyasətə qarışsın. Çünki Tofiq bəy siyasətə qarışdığı vaxtlar ailəsi hədsiz əzab-əziyyət çəkib. O xof indi də ailəni təqib edir”.
E.Həsənlinin fikrincə, Müsavat Partiyasının rəhbərliyi T.Qasımovu çoxdan unudub:
“Ola bilər ki, bu amil də onun susqunluğuna təsir göstərib. Bildiyim qədər, arada-sırada İsgəndər Həmidov onunla telefon əlaqısi saxlayır. Tofiq Qasımov 1938-ci ildə anadan olub. Yaşı 80-ni haqlayır. İsveçrədə 65 yaşında kişilər təqaüdə çıxır. Ola bilər ki, indi alim kimi nəyi isə hələ də araşdırır”.