XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2017 - 15:50

Ombudsman Aparatı:"Lapşinin Azərbaycana ekstradisiyası zamanı hüquq pozuntusuna yol verilməyib"

Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən və bir neçə dövlətin vətəndaşı olan bloqer Aleksandr Lapşinin Azərbaycana gətirilməsində istər milli qanunvericiliyin, istərsə də beynəlxalq konvensiyaların tələblərinə əməl olunub.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov deyib.

A.Səfixanov qeyd edib ki, A.Lapşin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub:

"O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün "http//puerrtto.livejournal.com" internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Aleksandr Lapşinin törətdiyi əməllərdə konkret cinayət tərkibi olduğundan onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və barəsində dövlətlərarası axtarış elan edilib".

Ombudsman Aparatının rəhbəri bildirib ki, A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb və Minsk məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib, daha sonra qərarla bağlı yuxarı instansiya məhkəməsində şikayətlərə baxılıb və qərar qüvvədə saxlanılıb:
"Göründüyü kimi, burada məsələyə hüquq normalarına müvafiq olaraq yanaşılıb, məhkəmədə baxılıb və hüquqi qiymət verilib. Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycan Respublikası “Ekstradisiya haqqında” və “Cinayət işləri üzrə hüquqi yardım haqqında” Avropa Konvensiyalarına, MDB-nin “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Konvensiyalarına qoşulub, bir çox dövlətlərlə hüquqi yardım göstərilməsinə dair ikitərəfli müqavilələr imzalayıb. Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ölkəmizin, o cümlədən Belarusun iştirakçısı olduğu “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq həyata keçirilib və hər hansı hüquq pozuntusuna yol verilməyib. İnsan hüquq və azadlıqlarının ictimai həyatın bütün sahələrində, xüsusən də cinayət təqibi prosesində təmin və müdafiə olunması Azərbaycan Respublikasının milli qanunvericiliyində təsbit olunmuş mühüm vəzifələrdəndir".