XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2017 - 19:11

Vahid Əhmədovdan mühüm açıqlama:“Həmin dövlətlər Azərbaycanda sabitliyi pozmaq istəyir”

 vahid

“Çox təəssüf ki, Azərbaycanda mövcud olan sabitlik və nəhəng layihələrin həyata keçirilməsi bir sıra dövlətləri qane etmir. Həmin dövlətlər Azərbaycanda sabitliyi pozmaq istəyir.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov ölkə.az-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, bu gün dünyada iqtisadi və hərbi-siyasi böhranlar baş verir. Ancaq Azərbaycan nə qədər çətin olsa da, bu böhranlar içərisində sabit qalmağı bacarıb: “Bütün bunlar da bəzi dövlətləri ciddi narahat edir. Ona görə də Vladimir Jirinovski və digər siyasətçilər Azərbaycanla bağlı müəyyən fikirlər səsləndirir”.

Deputat həmçinin qeyd edib ki, hazırda dünyada çox ciddi siyasi proseslər gedir: “Donald Trampın ABŞ prezidenti seçilməsi müəyyən təlatümlər yaradıb. Hazırda Donald Trampın verdiyi bir sıra qərarlar dünyada etirazlarla qarşılanır. Bundan istifadə edən bir sıra dövlətlər isə öz maraqlarına uyğun olaraq addımlar atmağı düşünürlər. Vladimir Jirinovskinin Dağlıq Qarabağla bağlı son fikirləri də bu maraqlara söykənir. Jirnovski Rusiyanın Azərbaycan, Ukrayna, Gürcüstan və Baltikayanı dövlətlərlə bağlı maraqlarını bəyan edib. Ancaq bütün bunlar yalnız boş xəyallardır. Bunların reallaşması mümkün olan məsələ deyil. Keçmiş SSRİ üzvü olan dövlətlər öz müstəqilliklərini qanla qazanıblar. Azərbaycan xalqı 20 yanvar hadisələrini unutmayıb. Digər tərəfdən isə müstəqil Azərbaycanın prezidentləri – Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev ölkəmizin və xalqımızın milli maraqlarını daim ön planda tutublar. Ötən 25 ildə Azərbaycanda görülən işlərin hamısı müstəqilliyimizin möhkəmləndirilməsi üçün atılan müsbət addımlardır”.

V. Əhmədovun sözlərinə görə, ölkəmiz25 ildir ki, müstəqildir: “Ötən 25 ildə Azərbaycanda gənc nəsil və cavan kadrlar yetişib. Ona görə də Azərbaycanın müstəqilliyini heç kəs sarsıda bilməz. Mən gənc nəslin nümayəndələri ilə də tez-tez görüşüb söhbətlər aparıram. Ona görə də heç nədən qorxmadan, çəkinmədən bunu deyirəm. Biz Azərbaycanın dövlət müstəqilliyini nəyin bahasına olursa-olsun qoruyub saxlayacağıq və gənc nəsillərə təhvil verəcəyik. Hesab edirəm ki, Azərbaycanın ağıllı ziyalıları və başbilənləri buna imkan verməməlidir. Azərbaycanın müstəqilliyi bizim üçün ən müqəddəs dəyər olmalıdır. Hər birimiz canımız, qanımız bahasına da olsa Azərbaycanın müstəqilliyini qoruyub saxlamalıyıq”.